Simsar.az | bizi özünüzə Simsar bilin
BAKIDA TƏHLÜKƏSİZLİK KAMERALARININ SAYI 1200-Ə ÇATDIRILACAQ

Orta hesabla gün ərzində 400 sürücü yol hərəkəti qaydasını pozur.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov məlumat verib.

“Bakı şəhəri üzrə təhlükəsizliyi və asayişi qorumaq məqsədilə 370-dən artıq nöqtədə 1100-ə qədər kameralar quraşdırılıb. Bu yaxınlarda isə kameraların sayı 1200-ə çatdırılacaq. Kameraların quraşdırılması prosesi bundan sonra da davam etdiriləcək” – deyə, V.Əsədov bildirib.

Onun sözlərinə görə, kameralar vasitəsilə Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” xidməti həm asayişin qorunmasında, həm də yol hərəkətində təhlükəsizliyin təmin edilməsində müşahidələr aparır. Eyni zamanda Bakı Şəhər Baş polis İdarəsinin Dövlət Yol Polis İdarəsində də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi üçün kameralarla hərəkətə nəzarət edir və yol hərəkəti qaydalarını pozanlar aşkar edilir.

“Orta hesabla gün ərzində 400 sürücü yol hərəkəti qaydasını pozduğuna görə, BDYPİ-nin kameraları vasitəsilə aşkar edilib və onlar barəsində tədbirlərin görülməsi üçün xüsusi fotomateriallar hazırlanıb”.

V.Əsədov kameralar vasitəsilə hazırlanan fotomateriallar haqqında da məlumat verərək bildirib ki, yol hərəkəti qaydasını pozan avtonəqliyyat vasitəsi 3 istiqamətdə qeydə alınır.

“Fotomateriallar sürücünün yol hərəkəti qaydasını pozduğu an, avtomobilin uzaqdan görünüşü və avtonəqliyyat vasitəsinin yaxından dövlət nömrə nişanının görünüşünün olduğu 3 mövqedə hazırlanır. Sonra bu materiallar əsasında həmin yol hərəkət qaydasını pozan avtomobilin sürücüsü tərəfimizdən aşkar edilir və onun barəsində qanunvericiliyin tələblərinə uyğun cəza tədbirləri seçilir”

26 İyul, 2011  19:38 Baxılıb: 1137

Bu bölmədə