Simsar.az | bizi özünüzə Simsar bilin
BRONİSLAV KOMOROVSKİ HEYDƏR ƏLİYEV FONDUNDA OLUB

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının prezidenti Bronislav Komorovski iyulun 25-də Heydər Əliyev Fondunda olub

Bu barədə Azərtac məlumat verir.
Burada Polşa dövlətinin başçısını Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Bronislav Komorovski görkəmli şəxsiyyətin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Polşa Respublikasının prezidentinə məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Bronislav Komorovski Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Ona Fondun adından xatirə hədiyyəsi təqdim olunub.

26 İyul, 2011  14:59 Baxılıb: 1072

Bu bölmədə