Simsar.az | bizi özünüzə Simsar bilin
BDU ilə Xarkov Milli Universiteti arasında memorandum imzalanıb

Birgə elmi tədqiqatlar aparılacaq

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov V.N.Karazin adına Xarkov Milli Universitetinin (Ukrayna) birinci prorektoru, professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitet haqqında qonaqlara ətraflı məlumat verilib. A.Məhərrəmov qonağa beynəlxalq əlaqələrindən, ikitərəfli əməkdaşlıq məsələlərindən danışıb. Görüşdə nümayəndə heyətinin rəhbəri Xarkovda Azərbaycan Mərkəzinin yaradılması fikrini açıqlayıb.


Daha sonra BDU ilə Xarkov Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum qarşılıqlı mühazirələrin oxunması, elmin aktual problemləri üzrə qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsini nəzərdə tutur.


Bundan başqa, tərəflər staj keçmə və ixtisasın artırılması məqsədi ilə müəllim, aspirant və tələbə mübadiləsi, elmi məqalələrin, tədris vəsaitlərinin, tədris planlarının və proqramlarının, ədəbiyyatın mübadiləsi və hər iki tərəfin nailiyyətlərini əks etdirən sərgilərin təşkilində və digər məsələlərdə əməkdaşlıq edəcəklər.
Ukraynalı qonaqlar BDU-nun laboratoriyaları ilə tanış olub, Azərbaycan təhsilinin və elmin flaqmanından xoş təəssüratlarla ayrılıblar.

29 İyun, 2011  21:55 Baxılıb: 1114

Bu bölmədə