Simsar.az | bizi özünüzə Simsar bilin
Daxili İşlər Nazirliyi Polis Akademiyasına müdavimlərin qəbulunu elan etdi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 2011-2012-ci tədris ili üçün DİN-in Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir.

Simsar.az-ın məlumatına görə, DİN-in Polis Akademiyasına qəbula namizədlər çağırışçı kimi hərbi komissarlıqda qeydiyyatda olan, tam orta təhsilli 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Abituriyentlər fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə yoxlamadan müvəffəqiyyətlə keçdikdən sonra Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılırlar. Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına yeməklə, geyim forması və yataqxana ilə təmin olunurlar. Təhsil müddəti 5 ildir. Məzunlara “hüquqşünas” ixtisası və “polis leytenantı” xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2011-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Polis Akademiyasına qəbul edilmirlər.

Polis Akademiyasına qəbul üçün yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan abituriyentlər Daxili İşlər Nazirliyinə (Bakı şəhəri Azərbaycan prospekti 7), respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan abituriyentlər ərazi polis idarə və şöbələrinə müraciət edə bilərlər.

1 Mart, 2011  23:56 Baxılıb: 1574

Bu bölmədə