Simsar.az | bizi özünüzə Simsar bilin
Alim Qasımov: “Ciyərim çıxırdı onun dərsinə girmək üçün”...

 

Şamaxının Nəbur kəndində Qasımovlar ailəsində bir körpə dünyaya gəlir. Atası Həmzə və anası Mədinə xanım körpəyə Pənah adını verirlər. Zəif olduğundan xəstəlik keçirən uşağı Bakıya qədər gətirirlər. Anası bir qadının məsləhəti ilə oğlunun adını dəyişir ki, bəlkə düşərli olar. Elə də olur, Pənahın adını dəyişib Alim qoyandan sonra sağalır... Uşaqlıqda musiqiyə olan marağını atası hiss edir və həyətdəki keçılərindən birini kəsərək dərisindən ona bir nağara düzəldir...Alim böyüyür,  8-ci sinifdən çıxır ki, işləsin. Bakıda “Karamel” fabrikinə sürücü kimi işə düzəlir, maşın sürə bilmədiyindən elə həmin gün yük maşınını fabrikin divarına çırpir. Beləliklə fabrikdə ilk həm də son iş günü olur. Sonra dəmiryol deposunda vaqon təmiri üzrə usta, tikintidə mantyor işlərinə düzəlsə də heç birində çalışa bilmir...

Tanrı onu  Alim Qasımov olmaq üçün yartdı. Başqa cür ola da bilməzdi. Yuxarıda qeyd etdiyimiz kiçik tarixçə dünya şöhrətli Alim Qasımovun həyatından bir parçadır. Bu gün “Simsar”-in qonağı olan xanəndə ilə söhbətimizə ilk nağarasından başladıq.

 

 

-Alim müəllim, eşitmişik ki, uşaq vaxtı atanız həyətinizdəki keçilərin birini kəsərək dərisindən sizə nağara düzəldib...

-Hə, belə bir hadisə olub. Ancaq həmin vaxt mənim xəbərim olmayıb. Yəqin ki, əti halal olduğuna görə günah olmaz inşallah.

-Saxlayırsınız o nağaranı?

-Xeyr, amma kaş qalaydı. Sonra atam mənim üçün çox qəşəng bir saz da düzəltdi. Təəssüflər olsun ki, onu da saxlaya bilməmışəm.

-Axı siz belə şeylərə həssas yanaşırsınız, nə əcəb bu alətləri saxlamamısınız?

-Uşaq idim qanmırdım, ancaq indi heyfslənirəm.

-Hazırda dərs zamanıdır, tələbələriniz də burdadır, hansı tələbənizdən razısınız?

-Öyrənmək istəyən tələbə gərək özü müəllimin arxasınca düşsün. Mən qayıb yazan müəllimlərdən deyiləm. Peşəkar olmaq istəyən gərək özünü dəryaya atsın.

-Öyrənmək istəyən var?

-Çox azdır.

-Bəs, özünüz necə tələbə olmusunuz?

- Hə, bax bu əla sualdı. Qəbul imtahanımı xatırlayiram, bilmirəm dədmin ya kimin ağ köynəyini geyinmişdim, bir quş da köynəyimi əməllicə batırdı. Dedim bu nədir, axı mən imtahana gəlmışəm indi belə necə girəcəm içəri? Deyinə-deyinə qalmışdım. Dedilər ki, bu xoşbaxtlıqdır. Yadımdadır, rəhmətlik  Bəhram müəllim, Əlibaba Məmmədov bir də Vasif Adıgözəlov məndən qəbul imtahanı götürürdü. Rəhmətlik Vahid Abdullayev də mənə bir balaca “Mirzə Huseyn” segahı öyrətmişdi. Soruşdular ki, nə bilirsən, dedim ki, “Çahargah” bir də “Mirzə Hüseyn”. Əlibaba müəllim dedi ki, hamı gəlib “Çahargah” oxuyub, sən də “Mirzə Hüseyn” oxu. Mən də öz bildiyim kimi, kəndli yolu ilə başladım oxumağa, zəngulə vurmağa. Dedilər ki get 5 aldın. Düzdür məni xalq artisti Səyavuş Aslan tapşırmışdı. Ancaq tapşırığa 5 vermirlər axı, ona görə sevinirdim ki, 5-i mən özüm almışam. Bəh, dünya mənim idi onda.

-Və beləcə xalq artisti Ağaxan Abdullayevin sinfinə qəbul oldunuz. Ancaq eşitdiyimizə görə  həmişə Hacıbaba Hüseynovun dərslərində oturmusunuz. Sizi ora nə çəkirdi?

- Hacıbaba Hüseynov əla xanəndə idi. Ciyərim çıxırdı onun dərsinə girmək üçün, xəlvəti, gizlincə otağa girib bir küncə qısılırdım ki, məni görməsin. Çünki əgər məni görsəydi deyəcəkdi ki, çıx bayıra, bilirdim ki, məni görəndə hirslənir.  Daha gözlərini mazol eləmişdim də kişinin. Hər gün səhər tələbələrindən musiqiçilərdən əvvəl gəlib otutrurdum sinifdə. Axırda bir gün məni yanına çağırıb dedi ki,  bir dəfə oxu, xoşum gəlsə bundan sonra rahat gəl otur dərslərdə icazə verirəm, gəlməsə daha səni burda görməyim. Necə yəni səni burda görməyim? Məni bundan məhrum eləmək olar? Axı mən onun dərslərində feyziyab olurdum, qəzəllər oxunur, gözlərimdən yaş axır qəribə bir hala düşürəm. Bir də görürsən ki, iris çıxardıb yeyir, qızlara da iris verir, orda bir əhval-ruhiyyə var ki, onu heç konsertdə görə bilməzsən. Mən ora gəlməyə bilərəm? Nəysə oxudum, bir az qulaq asıb dedi ki, həə gəl, gəl. “Gəl”  sözünü eşidəndən sonra düşdüm onun arxasınca, üstünü çırpa-çırpa  getdim evlərinə də girdim, məni toylara da apardı. Allah ruhunu şad eləsin.

-Alim Qasımovu həmişə təvazökar görürük. Bunu necə bacarırsınız?

-Təvazökarlıq ondan irəli gəlir ki, mənim yaddaşım yoxdur. Necə olmalıyam elə də oluram. Özümü proqramlaşdira bilmirəm. Hərdən rəsmi yerlərdə özümü ciddi aparıram, həm əsəbləşirəm həm də yoruluram. Ona görə deyirlər səmimidir. əslində mən o qədər də ünsiyyət qurmağı bacarmıram. Ünsiyyətli adamlar görəndə paxıllığım tutur. O ki, qaldı o eşqi insanlara vermək, bu mənə Allahdan verilən  vergidir.

-Yeri gəlmişkən, Sizin haqqınızda danışanda həmişə deyilir ki, səsiniz ilahi bir səsdir. Mənimçün maraqlıdır Alim Qasımov  oxuyarkən o ilahi qüvvəni hiss edirmi?

-Hərdən eşqlə oxuyanda o hala düşürəm. Əlbəttə ki, hər şey Allahdan gəlir. Hafizəm o qədər də güclü olmadığından yadımda qəzəlləri saxlamaqda çətinlik çəkirəm. Eyni zamanda qəzəlləri çətin öyrənirəm. Mənalarını olduğu kimi bilmirəm. Qəzəlləri intuisiyamla duyuram.

-Muğamı hır kəs duya bilər?

-Qulaq assa bəli 100%. Hətta körpə uşağı muğamla yatirtmaq olar. Muğam mənəvi qidadır, mənəvi qidanın da sərhəddi, yaşı yoxdur.

-Eyni muğam hər xanəndənin ifasında bir cür alınır. Bu nədən irəli gəlir?

-Hər şey səsin quruluşundan asılıdır. Bəzən mənə sual verirlər ki, hansı muğam yaxşıdır, mən fərq görmürəm. Elə muğam var ki, özündə bir dad və ətir var, çox xanəndələr belə muğamlara daha çox üstünlük verirlər. Elə muğamlar da var ki, məsuliyyət çox olur. Belə muğamlar eşq, səs texnikası, elm tələb edir.

“...Ayağımı təzə islatmışam”

-Niyə daha çox bayağı mahnilara qulaq asılır?

-Bu dəqiqə musiqimiz toyxanalarda təbliğ olunur. Ağız deyəni qulaq eşitmir. Elə bil toyxana bir hamamdır, oxuyan da mikrafonu tam yaxınlaşdırıb ağzına, eyni tonda oxuyur, camaat da dingildəyir. Mən toylarda əsəbdən başqa heç nə görmədim. Şəhərdə apteklərin, poliklinikalarin sayının artmasının səbəbi toylardır. Orda verilən yeməklər artıq yeməklərdir.  O ki qaldi bayağı mahnılara, ümumiyyətlə xalq musiqisinin dinləyicisi həmişə az olub, belə də olacaq.

-Alim Qasımov hədəfinə çatıb?

-Bilirsiniz, biz insanların fikirləşdiyi hədəf  əsas hədəf deyil. Əsas hədəf Allahın bizə buyurduqları olmalıdır. Bizim hədəflərimiz düz deyil, meyar onu götürmək olmaz. Allah bizi ona görə yaradıb ki,  Ona təslim olaq, ibadət edək və səbr qazanaq. Mənə elə gəlir ki, buna çata bilsək hədəfə çatmış olarıq.

-Muğama dərya deyirlər. Bu dəryanı keçmək olar?

-Bu dəryanı keşmək mümkün deyil, burada, dabana, dizə boğaza qədər gedə bilərsən, keçmək isə mümkün deyil.

-Boğulma ehtimalı var?

-Gərək mən gedəm ki, görüm boğulma var ya yox.

-Hardasınız?

-Ayağımı təzə islatmışam. Bu sənət elədir ki, getdikcə elə bilirsən ki, heç nə bilmirsən.

-Bilirik işləriniz çoxdur, vaxtınız məhdud. Bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik.

- Sağ olun ki, gəldiz görüşdük, burda yaxşı əhval-ruhiyyə yaratdız. Sizə uğurlar.

İradə Nurəddinqızı

 

19 Yanvar, 2011  19:30 Baxılıb: 4943

Bu bölmədə