Simsar.az | bizi özünüzə Simsar bilin
Səbuhi Məmmədli: «Gənc jurnalistlər kondisionerli otaqlardan çixmaq istəmirlər»

Səbuhi Məmmədlinin Simsar.az - aillər əvvəl verdiyi müsahibə. Aktuallıq hələ də qaldığına görə yenidən aktivlə.dirdik.

- Jurnalistikaya gəlişimin maraqlı tərəfi odur ki, yaşımın az olmasına baxmayaraq, ilk yazım hansısa rayon qəzetində və ya «Pioner» qəzetində deyil, o vaxtki populyar qəzetlərdən biri olan «Bakı» qəzetində dərc olundu. Sonra həvəsə düşdüm, həmin qəzetə xəbərlər verdim. Bu işdə mənə Araz Qurbanov kömək edirdi. O vaxt 15 yaşım var idi. Sonra Kirov adına Azərbaycan Dövlət Universitetinə (xahiş edirəm, belə də yazın) sənəd verdim, amma qəbul olmadım. Əsgərlikdən qayıdandan sonra yenidən sənədlərimi verdim və «Fəlsəfə» fakültəsinə daxil oldum. Elə birinci kursun, birinci semestrində başa düşdüm ki, fəlsəfə mənlik deyil. Diplomumda «fəlsəfə müəllimi» ixtisası yazılıb. Bircə gün də həmin ixtisas üzrə işləməmişəm. Universitetdə oxuya-oxyuya qəzetlərə yazmağa başlamışdım. 1992-ci ilin noyabrında «525-ci qəzet» çıxdı. Qəzetin təsisçisi Rəşad Məcid gəncləri qəzetə dəvət edirdi. Həmin qəzetin ikinci nömrəsindən qəzetin baş redaktoru Yusif Rzayevlə birlikdə işə başladım. Həmişə demişəm - o mənim jurnalistikada ibtidai müəllimim olub. Sonra Mehman Cavadoğlu məni «Azərbaycan» qəzetinə xüsusi müxbir olaraq dəvət etdi. O vaxtı 22 yaşlı gəncin dövlət qəzetinə xüsusi müxbir kimi dəvət alması görünməmiş hadisə idi. Orada Şahvələd Çobanoğlu, Aydın Caniyev, Rəsmiyyə Rzayeva var idi. Hamımız da tələbə.Bundan sonra «Rezonans»-da, Rauf Arfioğlunun dəvəti ilə «Yeni Müsavatda» redaktor işlədim.

- Suriyadan reportajlar verəndə əleyhinə statuslar yazanlar oldu...

- Bu statusları yazanlar, sonradan lent.az-dakı reportajlarımı saytlarına qoydular, qəzetlərində çap etdirdilər. Biz bu məsələni qaldıranda - yəni mənim ora getmək məsələm ortaya çıxanda Vüsalə xanım da, Qabil Abbasoğlu da tərəddüd edirdilər. Onların ən böyük narahatlığı da, tərəddüdləri də təbii ki, mənim təhlükəsizliyimlə bağlı idi. Ora gedəndə Azərbaycanın Suriyadakı səfirliyi geri çağrılmışdı, çünki səfirliyin özünün təhlükəsizliyinə təminat yox idi. Birinci dəfə həmin təhlükəni Türkiyədən Suriyaya keçəndə hiss etdim. Məndən bir gün qabaq 70 min əhalisi olan Azaz şəhəri bombalanmışdı, müxalifət də Əsədin 17 tankını vurmuşdu. Sırf kinolarda gördüyümüz, kitablarda oxuduğumuz, bəlkə də budan da daha dəhşətli müharibə səhnəsi idi. Əgər kimsə deyirsə ki, hansısa qorxmaz reportyor gəldi, ölüm qorxusunu gözə almadan çəkdi – bunlar boş söhbətlərdir. Mən Azaza girəndə, fikirləşdim ki, hara gəlib çıxmışam? Redaksiya ilə əlaqə saxlayıb, situatsiyanı izah edəndə Qabil Abbasoğlu dedi ki, cəhənnəm olsun, Suriya, qayıt gəl. Mən Hələbə qədər gedib, çıxdım, gördüm ki, təhlükəsizliyim yoxdur, qayıtdım.

- Ən maraqlı reportajını harada hazırlamısan?

- Təbii ki, Suriya səfərini də qeyd etmək olar. Ən məcara dolu reportajım isə Kazbek dağının ətəyindən Qafqazın bütün münaqişə bölgələrini keçə-keçə Azərbaycana gəlməyimdən yazdığım reportaj idi. Adlara fikir verin - Vladiqafqaz, İnquşetiya, Xasaryut, Çeçenistan, Mahaçqala…

- Həmin reportaja görə mükafat da almışdın.

- Hə. «Media açarı» mükafatı.

- Mükafatın təqdimat mərasimində İradə Tuncayın səsləndirdiyi bir fikir yadımda qalıb. O, dedi ki, növbəti qalibimiz elə bir adamdır ki, o, getmədiyi yerdən də reportaj hazırlamağı bacarır.

- Yəqin ki, İradə xanım mənim fitri istedadıma eyham vurub (gülür). Amma getmədiyin yerdən reportaj hazırlamaq olmaz.

- Amma bunu eləyənlər var.

- Bu xalturadır. Mənim bu redaksiyada bir stəkan çay içib, bir siqaret çəkməyim yetər ki, çıxıb, reportaj hazırlayım. Amma, bu reportaj deyil. Reportyor olmaq üçün Allah bütün imkanları adama verib - gör, görə bilmirsənsə eşit, eşidə bilmirsən, iylə, əlini vur, toxun.

- Bəs, dünyanın daha harasından reportaj hazırlamaq istərdin?

- Türkiyənin teroristlərlə üz-üzə olan bölgələri olan Şırnaq, Hakkaridən reportaj hazırlamaq istərdim.

- Səncə, jurnalisti qələmdən soyudan nədir? Redaksiyadakı mühit, ədalətsizlik, yoxsa, sözün dəyərdən düşməsi?

- Hamısı. Mən görsəm ki, reportajımı cəmi 800-1000 nəfər oxyur, qələmi atıb gedərəm. Jurnalistə dəstək olmalıdır. Həm ailədə, həm də redaksiyada. «Qayıt gəl» - özü də bir dəstəkdir.

- Azərbaycan jurnalistikasını necə görmək istərdin?

- Əlbəttə ki, istərdim ki, bizdə də «Frans-Press», «Reuters» kimi elə imkanlar olsun ki, dünyanın qaynar bölgələrinə gedə, burada təhlükəsizliyimizi təmin edə, mühafizəçi götürə, hətta Əfqanıstana gedib, reportaj hazırlaya bilək. Amma ümumikdə, çəkdiyim zəhmətin dəyərləndirilməsindən şikayətim yoxdur.

- Ölkədə saytların sayı gün-gündən çoxalır, yeniləri açılır. Səncə, bu müsbət, yoxsa mənfi tendensiyadır?

- Bunun ziyanı yoxdur. Amma sadəcə mənim, sizin yaşıdlarınız və sizdən bir neçə yaş aşağı olan nəsil var. Bundan sonra davamı gəlmir. Bu qəribə bir şeydir. Jurnalistikaya gəlirlər, amma öyrənmək üçün həvəsləri yoxdur. Gənclər əziyyət çəkmək, kondisonerli otaqlardan çıxmaq istəmirlər. Sırf reportajla bağlı sayt açsan, burada işləməyə beş nəfər tapa bilmərsən.

- Tanınmış qələm əhlindən kimləri bəyənirsən?

- Mən hələ də başa düşmürəm ki, niyə Yusif Rzayev «525-ci qəzet»-də ilişib qaldı. Azərbaycan dilini onun qədər səlis bilən ikinci redaktor yoxdur. Amma Yusif yazmır. Məmuniyyətlə Aydın Caniyevin, Hikmət Sabiroğlunun, Zöhrab Əmirxanlının, Mehman Cavadoğlunun yazılarını oxuyardım, amma yoxdur. Gənc nəsil, yazıq neyləsin, kimdən öyrənsin?

- İstədiyin vaxt qapısını döyüb, içəri keçə biləcəyin bir redaksiya, necə deyərlər «ata ocağı» var.

- «525-ci qəzet», «Yeni Müsavat».

Xatirə

25 Mart, 2022  15:19 Baxılıb: 13853

Bu bölmədə