Simsar.az | bizi özünüzə Simsar bilin
Mirşahin Turan İbrahimovun cavabını verdi

“Turanın yerinə olsaydım özümdən küsərdim”

“Turan İbrahimov çəkilişdə gəncliyindən, təcrübəsizliyindən irəli gələn emosionallığa yol verib və bəzi məqamlarda tərəf kimi çıxış edib. O, problemlərdən birincisi yarananda mən rejissor otağından məsələlərə müdaxilə etmişəm, mikrofonu götürüb zala demişəm ki, sakitləşin və qonaqlardan da, xüsusilə Pənah Hüseynin düşərgəsindən xahiş etmişəm ki, verilişi pozmasınlar və çıxıb getməsinlər. Bunlar da mənə qulaq asıblar, eləcə də Turan mənə qulaq asıb və verilişin davamını çəkiblər”.
Bunu 24saat.com saytına açıqlamasında ANS-in vitse-prezidenti Mirşahin Ağayev aparıcı Turan İbrahimovun aparıcılıqdan uzaqlaşdırılması ilə bağlı suala cavab olaraq bildirib.

M.Ağayev əlavə edib ki, Turanın müdaxiləsi tərəflərdən birinin kəskin etirazına səbəb olub: “Nəticə etibarı ilə də Pənah Hüseyn və onun auditoriyası aparıcıya etiraz əlaməti olaraq zalı tərk ediblər. Bundan sonra mən aşağı düşmüşəm, amma Pənah Hüseyn verilişin bu şəkildə aparılacağına etiraz əlaməti olaraq gələn adamları ilə çıxıb gedib”.

M.Ağayev T.İbrahimova ANS-in ünvanına sərt bəyanatlarla çıxış edərkən ehtiyatlı olmağı məsləhət görüb: “Başa düşürəm, əsəbidi, hövsələsizdi, amma mən şəxsən Turanın yerinə olsaydım nə ANS-dən, nə ANS-in rəhbərliyindən, nə Mirşahindən, nə də bir başqasından küsərdim. İlk növbədə küskünlüyün, incikliyin ünvanını bir az özümdə axtarardım”.

T.İbrahimov isə “Yeni Müsavat”a açıqlamasında bu mövzuda danışmayacağını və mənzərənin göz qabağında olduğunu vurğulayıb.

RAMİL

15 Sentyabr, 2011  17:13 Baxılıb: 1131

Bu bölmədə