Simsar.az | bizi özünüzə Simsar bilin
Ayaz Mütəllibovun qəza törədən nəvəsi barədə xəbər var

Mədinə Mütəllibova 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər

Bakıda eks-prezident Ayaz Mütəllibovun 19 yaşlı nəvəsinin törətdiyi qəza ilə bağlı cinayət işi başlanıb.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon polis idarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3-cü) maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 8-də saat 12:30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi "Lexus" markalı avtomobillə Bakı şəhər sakinləri 1948-ci il təvəllüdlü Məhərrəm Hüseynov, həyat yoldaşı 1954-cü il təvəllüdlü Solmaz Hüseynova və nəvəsi, 2007-ci il təvəllüdlü Nihad Hüseynovu vurub.

Hadisə zamanı baba və nəvə həlak olub, Hüseynova isə ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Prokurorluqdan bildirilib ki, Mütəllibova barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 263.3-cü maddəsində qeyd olunan cinayətə görə, beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildirilib ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Trend-ə açıqlamasında Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.

12 Sentyabr, 2011  17:01 Baxılıb: 1215

Bu bölmədə