Simsar.az | bizi özünüzə Simsar bilin
LERİK-LƏNKƏRAN YOLUNDA TORPAQ SÜRÜŞMƏSİ OLUB

Həftəsonu yağan leysan yolun bir hissəsində torpaq sürüşməsinə yol açıb

Həftəsonu Lerik rayonunda yağan güclü yağış selə səbəb olub. Lerik rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yağış avqustun 6-dan yağmağa başlayıb. Yağan yağış intensiv olaraq hazırdada davam edir. Sel nəticəsində Lerik-Lənkəran yolunun 56-cı kilometrliyi dağılıb. Yolun üst tərəfində torpaq sürüşməsi baş verib.

“Hazırda İcra Hakimiyyətinin və 43 saylı Yol İstismar İdarəsinin əməkdaşları yolu təmir edirlər. Düzü gözləmirdik ki, avqustun əvvəllərində belə güclü yağış yağar. Ona görə də, hazırlıqsız idik”, - deyə Habil Məlikov vurğulayıb.

Onun sözlərinə görə, hazırda yaranan problemlər qismən də olsa aradan qaldırılır. Yolun bir hissəsi avtomobilin hərəkəti üçün düzəldilib. Lakin yağışın hələ də yağması nəticəsində selin daha da güclənəcəyi gözlənilir. Bu səbəbdən rayon İcra Hakimiyyəti yolun tamam dağılmasının qarşısını almaq üçün Nəqliyyat Nazirliyinə kömək üçün müraciət edib.

Qeyd edək ki, sel nəticəsində evlərə elə də ciddi ziyan dəyməyib. Rayonda heç bir kommunal problemlər yaranmayıb.
ANS

8 Avqust, 2011  17:25 Baxılıb: 1015

Bu bölmədə