Simsar.az | bizi özünüzə Simsar bilin
CƏRRAHLAR ANA BƏTNİNDƏKİ KÖRPƏNİ ƏMƏLİYYAT EDİB

AzərTAc xəbər verir ki, Sürixdəki uşaq xəstəxanasında onurğa beyninin inkişaf qüsurunun (spina bifida) aradan qaldırılması üzrə iki nadir əməliyyat müvəffəqiyyətlə başa çatmışdır

İndiyədək belə prosedurlar yalnız ABŞ-da aparılmışdı və hamısı müvəffəqiyyətli olmuşdu (183 əməliyyat).

Həkimlər iki doğulmamış körpə üzərində əməliyyat aparmışlar. Prosedur təqribən üç saat davam etmişdir. Onun mahiyyəti bundan ibarətdir ki, uşağın anasına narkoz verilir və onun qanı vasitəsilə uyuducu maddələr uşağın qanına keçir. Sonra cərrahlar ananın qarnında kəsik açır və ultrasəsin köməyi ilə uşaqlığı kəsmək üçün təhlükəsiz yer axtarırlar. Bu prosedur maksimum dəqiqliklə aparılmalıdır: ciftin yaralanması və ya göbəkbağının kəsilməsi dəhşətli nəticələr verə bilər.

Tibb işçiləri spina bifida-nın nəticələrini maksimum aradan qaldıra bilmiş və hamiləliyin doğuşadək normal keçməsini təmin etmişlər. Məlum olduğu kimi körpələrdən biri vaxtında doğulmuşdur. Digər körpənin isə bu günlərdə doğulacağı gözlənilir.
Eyni zamanda ağrısızlaşdırmanı həyata keçirmək, iki müxtəlif xəstə - ana və uşaq üzərində əməliyyat aparmaq və onların vəziyyətini izləmək çox mürəkkəb məsələdir. Xəstəlik hamiləliyin ilk mərhələsində (3-4-cü həftə) formalaşmamış onurğa beynində sinir ucunun tam bağlanmaması nəticəsində meydana çıxır. Bu, ona gətirib çıxarır ki, doğulmuş körpədə onurğa beyninin açıq hissəsi üzərində olan fəqərələr ya olmur, ya da deformasiyaya uğramış olur və nəticədə beyin yırtığı əmələ gəlir.

Bu patologiyanın səbəbi məlum deyildir, alimlər belə güman edirlər ki, burada bir çox amillər vardır: teratogen, irsi, yaş, hamiləlik zamanı vitamin çatışmazlığı, ananın keçirdiyi məxmərək və qrip xəstəliklərinin nəticələri. İndi həkimlər perinatal əməliyyatın köməyi ilə bu problemi həll edə bilmişlər.

8 Avqust, 2011  04:57 Baxılıb: 1162

Bu bölmədə