Simsar.az | bizi özünüzə Simsar bilin
"Qarabağ" oyununa tanınmışların reaksiyası

İsa Qəmbər, Rövnəq Abdullayev, Rəşad Məcid, Əflatun Amaşov dünənki oyunu "əla" qiymətləndiriblər

Avroliqanın III təsnifat mərhələsinin cavab oyunundan sonra mübarizəni dayandırmasına baxmayaraq meydanı başıuca tərk edən “Qarabağ” klubu dünənki qələbəsiylə futbol ictimaiyyətinin rəğbətini qazandı. Növbəti mərhələyə adlaya bilməsə də, "Qarabağ" rəqibi məğlub etməklə Avropada Azərbaycana növbəti reytinq xalları qazandırdı.

“Qarabağ”ın dünənki çıxışına münasibətlərdə fərqli mövqelər olsa da, əksəriyyət oyunçuları əsasən yerli futbolçular olan komandanı alqışlayır. Modern.az Facebook sosial şəbəkəsində və ondan kənarda bu oyuna qiymət verən bəzi tanınmışların şərhlərini təqdim edir.

“Qarabağın”ın çılğın azarkeşlərindən olan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Facebook-da dünənki oyunla bağlı belə qeydlər qoyub:

““Qarabağ”ın növbəti mərhələyə çıxa bilməməsinin səbəbi stadiondakı boş yerler və lazımi azarkeş dəstəyinin olmaması ıdı! Komanda isə gözəl oynadı! Sag olsunlar!”

Mətbuat Şurasının sədri Əflatun Amaşov da Facebook-dakı kommenti ilə Rəşad Məcidə haqq qazandırıb:
“Rəşad bəy, Sizi dəstəkləyirəm. Siz çox balaca olardınız, tamaşaçı iradəsi “Dinamo” Kirovabadla “Dinamo” Kiyevin Gəncədəki oyunda (SSRİ birinciliyi) özünü göstərmişdi... Nəticəni də hamı yaxşı bilir… Kiyevlilər uduzmuşhdu".

Müsavat Başqanı İsa Qəmbər də dünənki oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda canlı izləyən tamaşaçılardan olub. İsa Qəmbər də mübarizəni dayandırmasına baxmayaraq dünənki oyuna görə, “Qarabağ”a təşəkkür edib.
“Getdik, gördük, qalib gəldik! QARABAĞ-BRÜGGE 1:0” –deyə Müsavat başqanı dünənki oyunla bağlı Facebook-da qeydlər qoyub.


AFFA-nın prezidenti Rövnəq Abdullayev isə Avropa Liqasının “Qarabağ” – “Brügge” oyunundan sonra belə qiymət verib:
“Birinci hissədə daha sürətli oyun getdi. Amma fasilədən sonra oyunun sürəti aşağı düşdü. “Qarabağ” qolu birinci hissədə vursaydı, bəlkə də nəticə ayrı cür olardı. Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın. Təəssüf ki, bu baş vermədi”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: “Ağır oyun oldu. Bütün 90 dəqiqə üstün futbol oynadıq. Sonadək döyüşsək də, təəssüf ki, mübarizəni dayandırdıq".
Qurbanov komandaya sonadək dəstək olan azarkeşlərə də təşəkkürünü bildirib: "Bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdaram. Onlar sonadək bizim yanımızda oldular”.

5 Avqust, 2011  16:59 Baxılıb: 1110

Bu bölmədə