Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilərin qətlə yetirdiyi 13 yaşlı qızla bağlı BMT-də məsələ qaldırılıb

Səfir Aqşin Mehdiyev: Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı qərəzli hücumları son aylarda daha da intensivləşib

Səfir Aqşin Mehdiyev: “Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı qərəzli hücumları son aylarda daha da intensivləşib”

Azərbaycan 13 yaşlı azərbaycanlı qızın Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülməsi ilə bağlı BMT-də məsələ qaldırıb. Bu barədə APA-nın ABŞ-dakı müxbirinə BMT mətbuat mərkəzindən məlumat veriblər. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin BMT Baş Katibinə göndərdiyi məktubun surəti BMT üzvlərinə paylanıb. Məktubda bildirilir:

“2011-ci il iyulun 14-də, oyuncağa yerləşdirilmiş partlayıcı mexanizmin işə düşməsi nəticəsində 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyeva həlak olub, onun 32 yaşlı anası Elnarə Şahmalıyeva isə ağır yaralanıb. Bu dəhşətli hadisə Azərbaycanın Tovuz bölgəsində, Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verib. Hadisənin qurbanı partlayıcı quraşdırılmış oyuncağı Tovuz çayından tapıb. Mənbəyi Ermənistan ərazisində yerləşən çay Əlibəyli kəndindən keçir. İlkin təhqiqatın nəticəsinə görə, partlayıcı tələ rolunu oynayan oyuncaq Ermənistanda düzəldilib və məqsədli şəkildə çaya atılıb. Partlayıcının hədəfi qonşuluqda yerləşən Azərbaycan kəndlərinin uşaqları olub”.


Səfir Mehdiyev qeyd edib ki, formal atəşkəs olmasına baxmayaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı qərəzli hücumları son aylarda daha da intensivləşib. Beynəlxalq hüquqa zidd olan bu hərəkətlər nəticəsində cəbhə xətti boyunca yaşayan dinc insanlar həlak olur və şikəst qalır.


“Belə ki, 2011-ci il martın 8-də doqquz yaşlı azərbaycanlı uşaq erməni snayperi tərəfindən öldürülüb. 2011-ci il mayın 26-da Azərbaycanın Ağdam bölgəsinin Çıraqlı kəndinin dinc sakinləri Ermənistan Silahlı Qüvvələrinin aramsız atəşinə məruz qalıblar. 2011-ci il iyunun 3-də, Azərbaycanın Ağcabədi bölgəsinin sakini Azərbaycanın Ağdam bölgəsinin Çəmənli kəndində erməni hərbçiləri tərəfindən öldürülüb”, deyə səfir Mehdiyev xatırladıb və əlavə edib ki, Ermənistan bu cinayətlər üçün məsuliyyəti boynuna almır və onun bu məqsədlə etdiyi əsassız cəhdlər ilk başdan rədd edilməlidir.


“Ermənistan Silahlı Qüvvələrinin, terrorçu qruplaşmalarının və muzdlu bölmələrin Azərbaycanın dinc sakinlərinə qarşı qərəzli hücumları təkcə yuxarıda göstərilən faktlarla bitmir. 1980-ci illərin sonunda təxminən 230 min azərbaycanlının Ermənistandakı yurdlarından qovulması qətllər, işgəncələr, insan oğurluğu və digər cinayətlərlə müşayiət olunub. Bu aksiyalar zamanı ermənilər uşaqlara belə aman verməyiblər”.


Səfir bildirib ki, 1980-ci illərin sonlarından başlayaraq, erməni terrorçuları Azərbaycan ərazisində mülki obyektlərə, sənaye müəssisələrinə, hava, dəniz və yerüstü nəqliyyat vasitələrinə qarşı bir sıra terror aktları törədiblər. Bu terror aktlarında 2000-dən çox Azərbaycan vətəndaşı, o cümlədən qadın, uşaq və qocalar həlak olub: “1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində ermənilər Azərbaycan ərazisində hərbi əməliyyatlar keçiriblər. Həmin dövrdə və 1994-cü ildə atəşkəs imzalanana qədər olan sonrakı illərdə dinc azərbaycanlılara qarşı intensiv hücumlar təşkil olunub. 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhəri dağıdılıb və əhali misli görünməmiş qətliama məruz qalıb. Şəhərin işğalı nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar öldürülüb, minlərlə dinc sakin yaralanıb və ya girov götürülüb. Girovlardan bir çoxunun taleyi hələ indiyə kimi naməlumdur. Şəhər özü isə yerlə-yeksan edilib”.


Aqşin Mehdiyev qeyd edir ki, Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 1993-cü ildə qəbul olunan qətnamələrdə BMT Təhlükəsizlik Şurası beynəlxalq humanitar hüququn pozulmasına, o cümlədən, dinc sakinlərə olunan hücumlara və yaşayış yerlərinin bombalanmasına diqqət çəkir. Sonradan Avropa İnsan Haqları Məhkəməsi qərar qəbul edərək işğalçı Ermənistan Silahlı Qüvvələrinin dinc azərbaycanlılara hücumunu hərbi cinayətlər və ya bəşəriyyət əleyhinə cinayətlərlə bərabər tutaraq xüsusi ağır cinayət əməli adlandırıb.


“Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin səbəblərinin və faciəvi nəticələrinin qiymətləndirilməsi onu göstərir ki, dinc azərbaycanlılara qarşı son hücumlar, o cümlədən, uşaqların öldürülməsi, ayrı-ayrı, təsadüfi əməllər deyil, Ermənistanın geniş və ardıcıl siyasətinin və vəhşilik təcrübəsinin bariz nümunəsidir.


Azərbaycan BMT-yə üzv dövlətləri Ermənistanı insan ləyaqəti, hüquq və azadlıqlarına hörmətsizlik siyasətinə son qoymağa məcbur etməyə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində törətdiyi cinayətlərə görə cəzasızlığa son qoymaq üçün tədbir görməyə çağırır.


“Azərbaycan Respublikası Ermənistanın tərəflər arasında etimadın yaradılması və münaqişənin uzunmüddətli həllinin tapılmasına heç bir töhfə verməyəcək təxribatçı əməllərini qətiyyətlə pisləyir. Azərbaycan vətəndaşlarının qəsdən öldürülməsi bir daha Ermənistan Respublikasının hamı tərəfindən qəbul olunmuş mənəvi və etik prinsiplərə, BMT nizamnaməsinə və beynəlxalq hüquqa əməl etmək istəmədiyini göstərdi,” deyə Aqşin Mehdiyev bildirib.

4 Avqust, 2011  20:15 Baxılıb: 948

Bu bölmədə