Simsar.az | bizi özünüzə Simsar bilin
"Layiqincə vidalaşmaq istəyirik"

Əfran İsmayılov: "İlk 15 dəqiqədə qol vura bilsək, hər şey bizim xeyrimizə dəyişəcək"

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika "Brügge"si ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ" "Brügge" ilə cavab matçına nə dərəədə yaxşı hazırlaşıb?

- Biz, demək olar ki, döyüşə tam hazırıq. Bu matç Avropa Liqasının cari mövsümündə bizim üçün sonuncu da ola bilər. Buna görə də ən azı layiqincə vidalaşmaq istəyirik. Bütün komanda ancaq uğur qazanmaq haqda düşünür.

- "Qarabağ"ı istənilən hesablı qələbə təmin edir?

- Hər şey oyunun gedişindən asılı olacaq. Bizim növbəti mərhələyə adlamaq üçün cüzi şansımız var. Əgər ilk 15 dəqiqədə qol vura bilsək, hər şey bizim xeyrimizə dəyişəcək. Düzdü, belçikalılara 3 qol vurmaq çətindi. Amma uğur haqda düşünmək lazımdır.

- Demək olarmı ki, "Qarabağ"ın bu il də püşkatmada bəxti gətirmədi?

- "Brügge" çox güclüdür. Bəlkə də qarşılaşdığım komandalar arasında ən güclüsüdür. Dortmund "Borussia"sına qarşı oynamamışdım. Amma "Rosenborg", "Visla" kimi klublar belçikalılardan zəif idilər. Amma "Brügge"nin də zəif yerləri var.

- Məsələn?

- Məsələn, onları əks-hücumlarda yaxalamaq olar. 90 dəqiqə ərzində bütün şanslardan yararlanmaq real deyil. Amma maksimuma çalışmaq lazımdır. Əlbəttə, biz ilk oyunda 1:3 uduzsaydıq, işimiz daha asan olardı. Nə etmək olar? Başqa yolumuz da qalmayıb.

- "Qarabağ"ın uğursuzluğunun əsas səbəblərindən biri kimi futbolçuların yollarda çox yorulmasını göstərirlər. Siz bu barədə nə düşünürsüz?

- Əlbəttə, 15-16 saat yol getmək adamı yorur. Bundan başqa, biz "Brügge" ilə oyuna gedərkən Rəşad Sadiqovun qardaşının vəfat etdiyini eşitdik. Bu, komandaya çox pis təsir etdi. Oyunun özündə də problemlər oldu. Vüqar Nadirov ilk dəqiqələrdən zədələnərək meydanı tərk etmək məcburiyyətində qaldı.

- "Qarabağ" mübarizəni dayandırsa, komandanızın bu mövsümkü çıxışına necə qiymət vermək olar?

- Digər klublarla müqayisədə kifayət qədər normal. İstənilən halda yenə bizə iki mərhələ keçmək nəsib oldu. Qalanını qoy azarkeşlər və jurnalistlər qiymətləndirsinlər. Əgər bizə öz səviyyəmizə uyğun komanda düşsəydi, biz pley-offa rahatlıqla keçərdik. Başa düşmək lazımdır ki, "Brügge" çox güclü klubdur.

4 Avqust, 2011  17:18 Baxılıb: 1005

Bu bölmədə