Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı Olimpiyadadan imtina etdi

Paytaxtımızın Yay Olimpiya Oyunlarına namizədliyi barədə 2015-ci ildə danışmaq olar

Bakı şəhəri 2020-ci ildəki deyil, 2024-cü ildə keçiriləcək Yay Olimpiada Oyunlarına ev sahibliyi etmək niyyətindədir. Simsar.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Lent.az bu barədə açıqlama verib.

2020-cı il Yay Olimpiada Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr ərizələrini sentyabrın 1-dək Beynəlxalq Olimpiya Komitəsinə (İOC) təqdim edə bilərlər.

Ç.Hüsenzadə bildirib ki, indiyədək MOK rəhbərliyində Bakının namizədliyini yenidən irəli sürmək üçün fikir formalaşmayıb: “Çox güman ki, qalan müddətdə də belə bir fikir formalaşmayacaq”.

Bakı şəhəri 2016-cı il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürsə də, final səsverməsinə keçə bilməyib. Qalib adını Braziliyanın Rio-de-Janeyro şəhəri qazanıb. Həmin vaxt paytaxtımızın qalib gələnədək yay olimpiadalarına namizədliyini verəcəyi açıqlanıb.

Ç.Hüseynzadə qeyd edib ki, 2016-cı olimpiadasına Bakının namizədliyini təcrübə toplamaq üçün veriblər. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək olimpiadaya namizədliklərini irəli sürmələri məqsədəuyğun sayılmayıb. 2024-cü il Yay Olimpiya Oyunlarına gəldikdə, bu barədə İOC-un rəsmən sifariş ərizəsi qəbuluna başlayacağı vaxt - 2015-ci ildə danışmaq olar.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə İOC-un sessiyasında açıqlanacaq. Hələlik Roma (İtaliya), İstanbul (Türkiyə), Madrid (İspaniya), Doha (Qətər) və Tokio (Yaponiya) şəhərləri namizədliklərini rəsmən irəli sürüb.

Ramil

3 Avqust, 2011  18:46 Baxılıb: 1185

Bu bölmədə