Simsar.az | bizi özünüzə Simsar bilin
İş adamları silaha sarıldı

Sumqayıtda pul "razborka"sı

Sumqayıt şəhərində silahlı insident baş verib. Şəhər Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, hadisə Sumqayıtdakı “Həyat” şirkətinin həyətində baş verib. Məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədovun “Həyat” şirkətinin sahibi Kamil Abbasova xeyli miqdarda pul borcu varmış. K.Abbasov nə qədər çalışsa da pulunu ondan ala bilmirmiş. Nəhayət avqustun 1-də K.Abbasov , R.Məmmədovu öz şirkətinə dəvət edib. Vəziyyəti başa düşən R.Məmmədov gələrkən özü ilə tapança da götürüb.


Şirkətin həyətində olarkən tərəflər borc məsələsini gündəmə gətiriblər. Bu zaman hər iki şəxs tapança çıxarıb və bir-birlərini hədələməyə başlayıblar. Lakin xoşbəxtlikdən onlar bir-birinə xəsarət yetirməyiblər. R.Məmmədov atəş açsa da güllə K.Abbasovun “Lexus” markalı avtomobilinə dəyib.


Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə baş verən ərazi yoxlanılıb və K.Abbasovdan tapança və “Vinçester” tüfəng, R.Məmmədovdan isə pnevmatik tapança götürülüb.


Faktla əlaqədar cinayət işi başlanılıb. Borc pulun məbləği və həmin şəxslər arasındakı münasibətlərin xırdalıqları barəsində məlumat verilmir.

Qeyd edək ki, hər iki şəxs biznes fəaliyyəti ilə məşğuldur.

2 Avqust, 2011  18:16 Baxılıb: 995

Bu bölmədə