Simsar.az | bizi özünüzə Simsar bilin
"Qarabağ"-"Neftçi" oyunu təxirə salındı

Təxirəsalma Ağdam klubunun müraciəti əsasında baş tutub

Futbol üzrə Unibank Premyer Liqasının ilk turu çərçivəsində avqustun 7-də “Neftçi” və “Qarabağ” komandaları arasında nəzərdə tutulan görüş təxirə salınıb.

 Bu haqda Simsar.az-a “Neftçi”nin ev qarşılaşmalarını oynadığı Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, təxirəsalma “Qarabağ” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciəti əsasında baş tutub. Ağdam klubu müraciətində “Neftçi” ilə matçın ertələnməsi üçün iki səbəb göstərib. Birincisi, “Qarabağ” avqustun 4-də Avropa Liqasının III təsnifat mərhələsində Belçikanın “Brügge” komandası ilə cavab görüşünə çıxacaq. Avqustun 10-da isə “Qarabağ”ın əksər futbolçuları Azərbaycan yığmasının heyətində Makedoniya ilə yoldaşlıq görüşündə iştirak edəcək. Ağdam təmsilçisinin rəsmiləri komanda üzvlərinin gərgin oyun qrafiki ilə əlaqədar çox yorulduğunu bildiriblər. Meydan sahibi qismində çıxış edəcək “Neftçi” rəhbərliyi də “Qarabağ”ın istəyini anlayışla qarşılayıb. Nəticədə PFL görüşün başqa tarixə keçirilməsinə razı olub. Bu barədə rəsmi qərarın tezliklə veriləcəyi gözlənilir. 


Qeyd edək ki, “Neftçi” və “Qarabağ” ötən mövsüm də Unibank Premyer Liqasının ilk turunda rəqib olublar. Həmin vaxt oyun baş tutub. Lakin 1:1 hesabı ilə nəticələnən görüşdə “Qarabağ”ın aparıcı futbolçusu Əfran İsmayılov zədələnərək uzun müddətə sıradan çıxıb.

2 Avqust, 2011  16:57 Baxılıb: 1000

Bu bölmədə