Simsar.az | bizi özünüzə Simsar bilin
"Neftçi"nin baş məşqiçisi çağırış etdi

Arif Əsədov: “Hamını “Neftçi” – “Dinamo” matçına dəvət edirik”

Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə keçirəcəyi cavab görüşü öncəsi “Neftçi” komandasının üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Simsar.az-ın məlumatına görə, jurnalistlər qarşısına baş məşqçi Arif Əsədov, belçikalı legioner Emil Mpenza və müdafiəçi Ruslan Əmircanov çıxıblar.

Arif Əsədov səfərdə 0:3 hesabı ilə uduzan komandasının növbəti mərhələ şanslarını cüzi hesab edib. Lakin onun fikrincə, III təsnifat mərhələsinə yüksələ bilərlər: “Dinamo” ilə oyun haqqında çox danışılıb, çox müzakirələr aparılıb. Artıq bu matçı unudub, sabahkı qarşılaşmaya köklənməliyik. Şanslarımız cüzi olsa da, qalmaqdadır”.

Baş məşqçi bildirib ki, Bakıda mütləq qalib gəlməlidirlər. Bu, “Neftçi”nin imici, Azərbaycanın reytinq cədvəlinə xal əlavə edilməsi üçün əhəmiyyətlidir: “Bütün komanda üzərinə düşən vəzifənin yaxşı başa düşür. Futbolçular məsuliyyəti yaxşı dərk edir, məğlubiyyətdən dərs alıblar. Onlar məşqlərdə səylə hazırlaşır, hətta məşqçi heyəti olmadan öz aralarında toplantı da keçiriblər. Biz sabah qələbəyə oynayacağıq. Hamını bu oyuna dəvət edirik”.

İlk oyunda zədələnən Mitreski məşqlərdən kənarda qalıb. O, bir müddət komandaya kömək edə bilməyəcək. Əsədov start heyətində bəzi dəyişikliklər etməli olacağını açıqlayıb. Böyük ehtimala, Ruslan Əmircanov müdafiənin sol cinahında oynayacaq. O, Zaqrebdə zəif təsir bağışlayan Alessandronu əvəzləyəcək. Taktiki cəhətdən də müəyyən gedişlər ola bilər. “Neftçi”nin oyuna iki hücumçu ilə başlaması da mümkündür.

Gənc mütəxəssis yay transfer dövründə cəmi 1 qapıçı – Saşa Stamenkoviçin transferi ilə kifayətlənmələrinə aydınlıq gətirib. Onun sözlərinə görə, iki braziliyalı yarımmüdafiəçinin transferini həyata keçirə bilməyiblər: “Mövsümlərarası fasilədə iki futbolçu transfer etməyi planlaşdırmışdıq. Bir qapıçı və bir yarımmüdafiəçi heyətə cəlb edəcəkdik. Yalnız qapıçı problemini həll edə bildik. Braziliyada iki oyunçunu yaxından izləyirdik. Təəssüflər olsun ki, bəzi səbəblər üzündən onlarla razılaşma əldə edə bilmədik. Nəticədə tələsik hər hansı transfer həyata keçirmədik. Çünki bu, “Neftçi”nin siyasətinə daxil deyil”.

Gənc müdafiəçi Ruslan Əmircanov cavab matçında Arif Əsədovun ona güvənmək niyyətində olduğunu bildirərək, bu imkandan maksimum yararlanmaq niyyətini açıqlayıb: “Sabah özümü göstərib, əsas heyətdə möhkəmlənməyi düşünürəm. Zaqrebdəki məğlubiyyətdən sonra əhval-ruhiyyəmiz çox pis idi. Tədricən bu psixoloji vəziyyəti arxada qoyub, sabahkı oyuna hazırlaşırıq. Mən özüm fiziki cəhətdən “Dinamo” ilə matça tam hazıram. Ümidləri doğrultmağa çalışacağam”.

Belçikalı hücumçu Emil Mpenza isə cavab matçında qol şansını qaçırmayacağına ümidli olduğunu deyib. O, erkən top vurmaq niyyətində olduğunu söyləyib: “Səfər matçında bir neçə qol vəziyyəti əldə etsəm də, bundan istifadə edə bilmədim. Ümid edirəm ki, cavab qarşılaşmasında qol şanısımı qaçırmayacağam. İlk oyundakı məğlubiyyəti unutmuşuq. Erkən top vurmaq niyyətindəyik. Bu qol bizi ruhlandıracaq və rəqibi növbəti dəfə məyus etməyə şərait yaradacaq. Qol duyumu ilə bağlı problemim yoxdur. İmkan olan kimi, fərqlənirəm. Əsas mənim meydandakı aktivliyim və komandaya verdiyim faydadır”.

18 İyul, 2011  21:44 Baxılıb: 1077

Bu bölmədə