Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentin qardaşını kimlərin öldürdüyü bilindi

Təşkilat qətlin məsuliyyətini öz üzərinə götürdü

“Taliban” Hərəkatı Əfqanıstan prezidenti Həmid Kərzainin kiçik qardaşı Əhməd Vəli Kərzainin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, “Taliban” yaydığı açıqlamada bildirib ki, Həmid Kərzainin qardaşını öldürmək üçün xüsusi qatil hazırlanıb.

“Taliban” bu sui-qəsdi son 10 ildə hökumətlə müharibədə ən böyük uğurlarından biri kimi qiymətləndirib.

Xatırladaq ki, Qəndəhar Şurasının rəhbəri olan 50 yaşlı Əhməd Vəli Kərzaini bu gün şəxsi mühafizəçisi “Kalaşnikov” avtomatından atəş açmaqla öldürüb. Əfqanıstan xüsusi xidmət orqanlarındakı mənbə isə Əhməd Vəli Kərzaini yaxın dostu Sərdar Məhəmməd tərəfindən güllələndiyini və həmin şəxsin də mühafizəçilər tərəfindən öldürüldüyünü söyləyib.

Qeyd edək ki, Əhməd Vəli Kərzai Əfqanıstan prezidentinin ögey qardaşıdır. O, Əfqanıstanda, xüsusən Qəndaharda böyük nüfuza malik olub. Qərb KİV-ləri Əhməd Vəli Kərzaini Əfqanıstanın ən böyük narkobaronu adlandırıb və onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrindən yazıb. Əfqanıstan və ABŞ rəsmiləri, o cümlədən Əhməd Vəli Kərzai özü bunu təkzib edib.

12 İyul, 2011  20:08 Baxılıb: 1175

Bu bölmədə