Simsar.az | bizi özünüzə Simsar bilin
Əfqanıstanda qəzaya uğrayan təyyarəyə yaxınlaşmağın planı hazırlanır

Yerli əhali ilə əlaqə yaradılacaq

Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (İSAF) komandanlığı, Əfqanıstanın müxtəlif idarələrinin nümayəndələri və Azərbaycandan gələn komissiya üzvləri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar atılacaq addımları özündə əks etdirəcək planın tərtib olunmasını müzakirə edirlər. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyinin III katibi Çingiz Qəribli məlumat verib. O, müzakirələrin iyulun 11-də başladığını və 12-də davam edəcəyini söyləyib. Əsas məqsəd Azərbaycanda qəzanın nəticələrinin aradan qaldırılması üzrə yaradılmış komissiyanın üzvlərinin hadisə yerinə çatmasını təmin etməkdir. Komissiyanın nümayəndələri Əfqanıstan hökuməti və İSAF komandanlığı vasitəsilə yerli əhali ilə əlaqə yaratmağa və qəzanın baş verdiyi əraziyə getməyə çalışırlar.

Ç. Qəribli bildirib ki, komissiya üzvlərinin indiyədək hadisə yerinə gedə bilməməsinə səbəb ərazinin çətin relyefə malik olmasıdır: “Yerli əhali dağlardakı cığırları yaxşı tanıyır. Ora təhlükəsizi bir ərazi deyil. Ona görə də əvvəlcə həmin yerə gedəcək komissiya üzvlərinin təhlükəsizliyini təmin etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

12 İyul, 2011  20:08 Baxılıb: 1352

Bu bölmədə