Simsar.az | bizi özünüzə Simsar bilin
SİLAHLI BASQININ BƏZİ TƏFƏRRÜATLARI AÇIQLANIB

Hadisəni törədənlərin görüntüləri təhlükəsizlik kameralarına düşüb

Bakıda tikinti şirkətinə edilən silahlı basqınla bağlı bəzi təfərrüatlar məlum olub. “Azər-Ross” MTK-dan bildirilib ki, hadisəni iki nəfər törədib. Həmin şəxslər maskada və ya quldurlara xas olan xüsusi geyimdə olmayıblar. Onlar şirkətin Nərimanov rayonundakı ofisinə gələrək MTK-nın təsisçisi və rəhbəri Əflatun Piriyevlə görüşmək istədiklərini bildiriblər. Ə. Piriyev şəxsiyyəti hələlik müəyyən edilməyən həmin şəxsləri öz otağında qəbul edib. Görüş başlayandan 5 dəqiqə sonra içəridə səs-küy düşüb və silah səsi eşidilib. Şirkətin baş mühasibi Əmiraslan Əhmədov silah səsinə otağa daxil olarkən Ə. Piriyevin vurulduğunu görüb. Naməlum şəxslər baş mühasibə də atəş açıblar. Nəticədə Ə. Əhmədov yüngül güllə yarası alıb. Həmin vaxt ofisdə qarışıqlıq düşüb və silahlı şəxslər oranı tərk ediblər. 

Şirkətin rəhbəri Ə. Piriyev isə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılıb. Lakin o, xəstəxanaya çatdırılsa da, aldığı güllə yarasından dünyasını dəyişib.

“Azər-Ross” MTK-dan həmçinin bildirilib ki, hazırda Bakı şəhər və Nərimanov rayon prokurorluqlarının əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerini müayinə edir, şirkət əməkdaşlarının ifadəsini alır. Şirkətə basqın edən şəxslərin kimliyi isə hələlik məlum deyil. Lakin onların görüntüləri təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, bu gün naməlum şəxslər “Azər-Ross” MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi, Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri aldığı güllə yarasından dünyasını dəyişib. Ə. Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil.

Hadisə yerinə Bakı şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu çıxıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

12 İyul, 2011  03:50 Baxılıb: 997

Bu bölmədə