Simsar.az | bizi özünüzə Simsar bilin
“Azərbaycan diasporu 20 il əvvəlki deyil”

Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır - Nazim İbrahimov 

"Diaspora erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır. Bu ona görə baş verməyib ki, erməni lobbisi zəifləyib. Erməni lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla sıx əlaqələrə malikdir və düşmənçiliyini davam etdirir".

Simsar.az-ən məlumatına görə, bu sözləri Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə deyib. O bildirib ki, "Azərbaycan diasporu artıq 20, 10 və ya 5 il bundan əvvəlki diaspora deyil. Yaxşı təşkilatlanan, əlaqəli şəkildə fəaliyyət göstərən, mövcud olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaradan Azərbaycan diasporu hazırda erməni lobbisinin fəaliyyətinin bütün istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir. Artıq erməni lobbisi əvvəlki kimi istədiyinə nail ola bilmir".

Azərbaycan diasporunun bir neçə dəfə erməni lobbisinin dünya ictimaiyyətində ölkəmiz haqqında mənfi rəy yaratmaq cəhdinin qarşısını aldığını söyləyən komitə sədri deyib: "Azərbaycan dövlətinin apardığı xarici siyasət sayəsində ölkəmizin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqları bir sıra məqamlarda üst-üstə düşür və ermənilərin bu cəhdləri iflasa uğrayır. Misal olaraq, erməni lobbisinin bir vaxtlar Bakı-Tbilisi-Qars və yaxud bir neçə ay əvvəl Azərbaycanın süni peykini buraxmağı əngəlləmək üçün erməni lobbisinin göstərdiyi cəhdlərinin iflasa uğramasını göstərmək olar".

Lobbinin formalaşdırılması kifayət qədər mürəkkəb sosial-psixoloji və siyasi prosesdir,-deyən N.İbrahimov vurğulayıb: "Lobbi konkret maraqların müdafiəsi üzrə güc mərkəzidir və burada diaspor təşkilatları və dövlət aparatı qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Hazırda bir sıra dünya xalqları lobbi formalaşdırılması təcrübəsinə malikdirlər və Azərbaycan maraqlarından çıxış edərək onlardan istifadə etməlidir. Bu istiqamətdə müəyyən irəliləyiş var. Hamımız güclü Azərbaycan lobbisinin şahidi olacağıq".

28 İyun, 2011  19:16 Baxılıb: 1014

Bu bölmədə