Simsar.az | bizi özünüzə Simsar bilin
İsmayıllı fəlakətdən ağır durumda

Su elektrik stansiyasının bəndi dağılıb, körpülər uçub, evləri su basıb

Ötən gün axşam saatlarından başlayaraq davam edən güclü yağış və dağlardan gələn sel suları İsmayıllının kəndlərində evlərə, əkin sahələrinə ciddi ziyan vurub, təbii qaz, içməli su xətləri, körpülər, yollar dağılıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rafael Əhmədov APA-nın Şirvan bürosuna bildirib ki, dağlıq və dağətəyi ərazilərə yağan güclü leysan yağışı nəticəsində Göyçay, Girdiman, Əyriçay, Qalaçıqçay çaylarında suyun səviyyəsi 5 dəfə artıb, çayqırağı kəndlərdə həyətyanı sahələri sel basıb, 30-a yaxın evə su dolub, hasarlar, yollar, piyada və avtomobil körpüləri dağılıb. Sel rayonun Sumağallı kəndindən keçən Göyçay çayının üzərində 3 aydır ki, inşa edilməkdə olan su elektrik stansiyasını dağıdıb. Sel suları stansiyanın beton bəndini, çayın içərisində və sahilindəki inşaat materiallarını yuyub aparıb. Göyçay çayı axın istiqamətini dəyişib və Sumağallı kəndini sel basıb. Qalaçıq çayının üzərindəki körpünün uçması nəticəsində Qalacıq, Çayqovuşan və İstisu kəndləri ilə rayon mərkəzinin əlaqəsi kəsilib. Həmçinin, Əyriçay üzərindəki bir neçə avtomobil və piyada körpüsü uçub, İsmayıllı kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib. Kəndlərin 80 faizində yollar, elektrik dirəkləri, içməli su xətləri və qaz xətləri bərbad vəziyyətə düşüb. Kəndlər işıqsız və rabitəsiz qalıb. Hazırda yağış və sel basqını davam etdiyi, ərazilərdə suyun səviyyəsi yüksək olduğu üçün hadisənin nəticələrinin aradan qaldırılmasında müəyyən çətinliklər yaranır. FHK-nın nümayəndələri yağış və seldən ziyan çəkmiş kəndlərdə vətəndaşların müraciətlərinə baxırlar. Müəyyən ərazilərə ağır texnikalar cəlb edilib.

23 İyun, 2011  16:48 Baxılıb: 1886

Bu bölmədə