Simsar.az | bizi özünüzə Simsar bilin
KƏND MƏKTƏBLƏRİNƏ İŞƏ QƏBUL QAYDALARI DƏYİŞDİRİLİB

Kənd məktəblərində işləmək istəyən gənc mütəxəssislər Təhsil Nazirliyinin üəllimlərin işə qəbulu üçün keçirdiyi imtahanlarda iştirak etməlidirlər

Azərbaycanın kənd məktəblərində həvəsləndirmə tədbirləri, yəni müəyyən güzəştlər tətbiq olunan vakant yerlər üzrə müəllim işləmək istəyən gənc mütəxəssislər artıq bu ildən Təhsil Nazirliyinin (TN) müəllimlərin işə qəbulu üçün keçirdiyi imtahanlarda iştirak etməlidirlər. Bunu TN-in Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlər üzrə işləmək istəyən gənc müəllimlər imtahanda və müsahibədə iştirak etmədən işə qəbul oluna bilirdilər. Bu ildən isə onlar da ümumi qaydada imtahan verib müsabiqədə iştirak edəcəklər.

Ucqar kənd məktəblərinə işləməyə gedənlər üçün tələb olunan keçid balı ümumi qayda ilə müraciət edənlərin keçid balından fərqli olacaq. Əgər ümumi qayda ilə müsabiqədə iştirak edənlər tələb olunan keçid balını toplamaq üçün sualların 80 faizinə düzgün cavab verməlidirlərsə, ucqar kənd məktəblərinə işləmək istəyən gənc mütəxəssislər üçün bu göstərici 60 faizdir.

Qədirov deyib ki, əvvəlki illərdə həvəsləndirmə yerləri yalnız ali məktəbləri yeni bitirən tələbələrə şamil edilirdi. Bu ildən isə ali məktəblərin pedaqoji ixtisaslar üzrə 35 yaşadək olan məzunları kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq edilən vakant yerlər üzrə müəllim işləyə biləcəklər.

“Ötən illərin təcrübəsi göstərir ki, bu yerlər üzrə müraciət edənlərin sayı çox olur. Bu il də 800 nəfərin həvəsləndirmə yerləri üzrə işə qəbulu nəzərdə tutulur. Hesab edirəm ki, bu il həvəsləndirmə yerləri üzrə sənəd verənlərin sayı baxımından problem olmayacaq. Müraciət edənlərin sayı yenə də çox olacaq. Əvvəlki illərin də təcrübəsi göstərir ki, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ucqar kənd məktəblərinə müəllimlərin cəlbinə müəyyən mənada imkan yaradır”, - Qədirov əlavə edib.

Nazirlər Kabinetinin qərarı ilə kənd məktəblərində işə qəbul olunan gənclərə əlavə güzəştlər edilir. Güzəştlərin tətbiq olunduğu həvəsləndirmə yerləri üzrə işləyən müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərin ödənişi üçün 40 manat məbləğində kompensasiya verilir.

Rayon mərkəzlərindən 20 km-dən çox məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayanların, qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, 3 il müddətində aylıq əməkhaqqına 70 manat əlavə olunur.

22 İyun, 2011  01:46 Baxılıb: 1123

Bu bölmədə