Simsar.az | bizi özünüzə Simsar bilin
Neft quyusunda partlayış

1 nəfər xəsarət alıb

“Şirvan Oil” Birləşmiş Müəssisinə məxsus 2 saylı mədəndə uzun müddət istismar olunmayan 642 saylı quyuda qaynaq işləri aparılarkən partlayış baş verib, qaynaqçı ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, partlayış nəticəsində xəsarət alan şəxs Salyan rayonu Qarabağlı kənd sakini, 1953-cü il təvəllüdlü Mürsəlov Həsənqulu İmanqulu oğludur. H. Mürsəlovun bədəninin 80-90 faizi yanıb və o, 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu ilə 5 saylı Bakı Şəhər Klinikasının yanıq şöbəsinə yerləşdirilib.

Xəsarət alan fəhlənin oğlu Vüqar Mürsəlov APA-ya bildirib ki, müəssisə rəhbərliyi atasının müalicəsi üçün bütün lazımi tədbirlər görür.

Partlayışa uzun müddət istismar olunmayan, ağzı bağlanmış quyuda yığılmış qazın səbəb olduğu bildirilir. Təhlükəsizlik qaydalarına əməl olunmadığından qaynaq zamanı partlayış baş verib.

Hadisənin baş verdiyi mədənin müdiri Oqtay Həsənov isə məsələyə münasibət bildirmək istəməyib.

21 İyun, 2011  18:31 Baxılıb: 1126

Bu bölmədə