Simsar.az | bizi özünüzə Simsar bilin
İYUNUN 19-u BAKIDA QAN TÖKÜLƏ BİLƏR

Müxalifət icazəsiz aksiyaya gedir, polis ən sərt tədbirlərə hazırlaşır

İctimai Palata iyunun 19-da paytaxtda icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib. Simsar.az saytının məlumatına görə, bu barədə jurnalistlərə Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.  

Onun sözlərinə görə, İctimai Palata qanuna uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinə “Nərimanov” kinoteatrının qarşısında mitinq keçirmək üçün xəbərdarlıq edib. Lakin qanuna zidd olaraq şəhər rəhbərliyi aksiyanın Bibiheybətdə keçirilməsini təklif edib.

İ. Qəmbər bildirib ki, İctimai Palata konstitusion hüquqlarından istifadə edərək aksiyanı keçirəcək. O, mitinqin iyunun 19-da saat 17.00-da Nərimanov kinoteatrının qarşısında keçiriləcəyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov isə dünən yaydığı açıqlamada aksiyanın qarşısının bütün hallarda alınacağını bəyan edib.

“Bizdə məlumat var ki, iyunun 19-da “Nərimanov” kinoteatrının qarşısında şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirmək istəyən radikal müxalifət “Gürcüstan variantı”na hazırlaşır. Lakin qoy onlar yaddan çıxarmasınlar ki, özünü İctimai Palata adlandıran qurumun qanunsuz aksiyasının qarşısı, lazım gələrsə, “Gürcüstan variantı”ndan da sərt şəkildə alınacaq” deyə S.Bağırov bildirib.

Ruslan

17 İyun, 2011  16:16 Baxılıb: 1487

Bu bölmədə