Simsar.az | bizi özünüzə Simsar bilin
Mitinq məhbuslarının istintaqı yekunlaşdı

6 nəfərin işi məhkəməyə göndəriləcək

2 aprel mitinqi ilə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar haqlarında həbs-qətimkan tədbiri seçilmiş 6 nəfərin istintaqı yekunlaşıb.

Bu barədə Simsar.az-a vəkil Yalçın İmanov məlumat verib. Onun sözlərinə görə, haqlarında cinayət işi qaldırılaraq, istintaqa cəlb edilən AXCP üzvü Sahib Kərimov, Babək Hüseynov, Arif Alışlı, Zülfüqar Eyvazov, Müsavat Partiyasının üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovla bağlı Bakı Şəhər İstintaq Təcridxanasında davam etdirilən istintaq yekunlaşıb. 

Vəkil bildirib ki, yaxın günlərdə müdafiə tərəfi qaldırılmış cinayət işinin materialları ilə tanış olacaq. Ardınca isə iş məhkəməyə göndəriləcək.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Faktla bağlı 10-dan çox şəxs cinayət məsuliyyətinə cəlb edilib.

13 İyun, 2011  19:06 Baxılıb: 1096

Bu bölmədə