Simsar.az | bizi özünüzə Simsar bilin
Zaqatalada qasırğa

Rayona ciddi ziyan dəyib

İyunun 11-i axşam saatlarında Zaqatala rayonunda leysan yağışları ilə müşayiət olunan güclü qasırğa baş verib. Simsar.az saytının yerli sakinlərə istinadən verdiyi xəbərə görə Bir saata yaxın davam edən qasırğa fərdi və ictimai yaşayış binalarının, sosial və dövlət obyektlərin dam örtüyünü uçurub. Rayonun elektrik enerjisi iflic vəziyyətə düşüb. Qasırğa Yevlax - Zaqatala - Gürcüstan magistralının Zaqatala rayonu ərazisində də bir sıra fəsadlar yaratdığından nəqliyyatın hərəkəti bir müddət dayanıb. 



Zaqatala Rayon İcra Hakimiyyətindən jurnalistlərə deyilib ki, ilkin hesablamalara görə qasırğa nəticəsində ümumilikdə rayon ərazisində 26 çoxmərtəbəli binanın dam örtüyü yararsız vəziyyətə düşüb. Humanitar fənlər gimnaziyası, 5 saylı orta məktəb daxil olmaqla, Zaqatalanın 10 təhsil müəssisəsi də qasırğadan ciddi zərər çəkib. Qasırğa nəticəsində rayon ərazisində 200-dən artıq irigövdəli ağac aşıb. Zaqatala rayon mədəniyyət və istirahət parkında isə daha acınacaqlı vəziyyət yaranıb. 


Güclü leysanla müşayiət olunan qasırğa rayonun elektrik enerjisi və rabitə təsərrüfatlarına da ciddi ziyan vurub . Rayon ərazisində 100-ə yaxın elektrik dirəyi aşıb, elektrik naqilləri qırılıb, rabitə xətləri sıradan çıxıb.

Qasırğa səngidikdən sonra Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları ilkin olaraq yol infrastrukturunun bərpasını həyata keçirib. Hazırda rayonun müvafiq idarə və təşkilatları qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.

13 İyun, 2011  16:44 Baxılıb: 2251

Bu bölmədə