Deputat “Şöhrət” ordeni ilə təltif olundu
İlham Əliyev Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, Nizami Cəfərov 1959-cu il, sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997- ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olub. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” bölməsinin sədri təyin edilib. 1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilib. Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində “Dədə Qorqud” elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunub. 2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilib. 2004-cü ildə Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev adına medal”la təltif edilib. Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) və V çağırış (2015-ci il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.(oxu)
20 Sentyabr, 2019 19:04 ⁄ Baxılıb: 1669
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |