Simsar.az | bizi özünüzə Simsar bilin
Xaricdə təhsil alan 73 azərbaycanlıya qapılar açıldı

Onlar dövlət qulluğunda işlə təmin oluna bilər

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış 2010-2011-ci təhsil ili üzrə məzunlardan 73 nəfərin dövlət qulluğunda işlə təmin olunması üçün Dövlət Komissiyasına məlumat daxil olub. Bu barədə çərşənbə axşamı Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.

Komissiya sədri bildirib ki, həmin məzunlar 2007-2015-ci illər üzrə "Azərbaycan vətəndaşlarının xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində müalicə işi, beynəlxalq biznesin idarə edilməsi, hüquqşünaslıq, iqtisadi-sosial idarəetmə, informasiya sistemləri, iqtisadiyyat və maliyyə, beynəlxalq mühasibatlıq, beynəlxalq hüquq və digər ixtisaslar üzrə təhsil alıblar.

Xəlilov bildirib ki, hazırda həmin məzunların müvafiq sənədləri toplanır.

Komissiya sədrinin sözlərinə görə, dövlət qulluğunda işləmək arzusunda olan bu şəxslər ehtiyat kadr siyahısına daxil ediləcək və ixtisaslarına uyğun olaraq müvafiq dövlət qurumlarında yerləşdiriləcəklər.

O, indiyədək dövlət proqramı çərçivəsində xaricdə təhsil almış 6 nəfərin dövlət qulluğuna qəbul edildiyini bildirib.

Həmin şəxslər Mərkəzi Bankda, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Diasporla İş üzrə Dövlət Komitəsi, Vergilər Nazirliyi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrə təyin olunublar.

Xəlilov xaricdə təhsil alan gənclərin təhsili başa vurandan sonra heç bir təcrübə keçmədən yüksək vəzifələrə təyin olunmasını düzgün hesab etmir.

"Yunanıstanda belə bir təcrübə tətbiq olunmuşdu. Yunanıstanda İdarəçilik Akademiyasını bitirənlər yüksək vəzifələrə təyin edilirdi. Bu şəxslərin idarəetmə, insanlarla ünsiyyət qurmaq təcrübələri olmadığından problemlər yarandı və sonradan Yunanıstan bu siyasətinə yenidən baxmalı oldu. Vəzifədə işləmək üçün yüksək biliklər yetərli deyil. Bunun üçün mütləq təcrübə lazımdır", - Xəlilov vurğulayıb.

Komissiya sədri hesab edir ki, dövlət qulluğu gənclərin karyera qurmasında bir tramplindir və karyera aşağıdan yuxarıya doğru qurulmalıdır.

"Dövlət qulluqçusunun fəaliyyəti dövründə onun əldə etdiyi uğurlara, təcrübəyə uyğun olaraq onun əməkhaqqısı və vəzifəsi də artırılır", - Xəlilov deyib.

7 İyun, 2011  22:28 Baxılıb: 1148

Bu bölmədə