Simsar.az | bizi özünüzə Simsar bilin
Foqtsa «Aftafa Kubok» və tualet kağızı təqdim edildi

Jurnalistlərin növbəti etiraz aksiyası baş tutdu

Berti Foqtsun yarıtmaz fəaliyyəti azarkeşlər və futbol ictimaiyyəti kimi medianı da bezdirib. Bu günə qədər alman məşqçinin milli komandadan qovulmasını müxtəlif üsullarla tələb etmişik. Hətta Lixtenşteynlə oyundan sonra mətbuat konfransını tərk etməklə öz etirazımızı bildirmişdik. Lakin AFFA rəhbərliyi hələ də inadkarlıq edərək, qoca almanı yığmadan uzaqlaşdırmır.
AVRO-2012-nin seçmə mərhələsinin A qrupunun autsayderi Qazaxıstana məğlubiyyət səbr kasamızı daşırdı. Bundan başqa, AFFA-nın müstəqil mətbuata qarşı "təcrid mövqeyi"nə qarşılıq etirazın başqa üsullarına əl atmaq zorunda olduğumuzu anladıq və oturub müzakirə apardıq. Müzakirələrdən sonra etiraz aksiyasının hansı formada keçirilməsi ilə bağlı qərar qəbul etdik.

Əli Sahib (Fanat.az), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Rəşad Ergün ("KomandA" qəzeti), İlkin Vidadioğlu (Fanat.az), Vüsal Gözəlov (Stadium.az) və Pərvin Kazımoğlunun (Fanat.az) ortaq ideyası belə oldu ki, bugünkü mətbuat konfransında məşqçiyə və dolayısıyla AFFA rəhbərliyinə etirazımızı sivil formatda bildirək.

Əslində planımız mətbuat konfransının gedişində flaşmob keçirmək idi. Belə ki, konfrans zamanı Foqtsa aftafa və tualet kağızı təqdim etməyi planlaşdırmışdıq. Aftafa alman çalışdırıcının "2014-cü ildə Dünya çempionatında iştirak edəcəyik" açıqlamasına işarə idi - "Kuboku" 3 il əvvəldən ona hədiyyə etmək istədik. Tualet kağızı isə Foqtsun yığma komandada üç illik fəaliyyətinin "dəyərini" ifadə edirdi.

Əvvəlcədən duyuq düşən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və əməkdaşı Elton Quliyev aksiyanın qarşısını almaq üçün adıçəkilən jurnalistlərə təzyiq göstərib, konfrans zalından xaric etdilər. Daha sonra isə olay yerinə polis çağırıldı. Jurnalistlər aftafa və tualet kağızı olan çantanı çöldə saxlayıb, konfransda iştirak etməyə razılıq verdilər.

Adəti üzrə, Foqts sualları ironiya və biganəliklə cavablandırdı. Konfrans başa çatandan sonra isə aksiya iştirakçıları nəzərdə tutulan aksiyanı nəhayət, gerçəkləşdirdilər.

Qeyd edək ki, asossiasiya rəhbərliyi medianın obyektiv təklifini dəyərləndirənə qədər bu cür aksiyalar müxtəlif formalarda davam etdiriləcək.

6 İyun, 2011  01:02 Baxılıb: 1275

Bu bölmədə