Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan 28 ölkə ilə hərbi saziş imzalayıb

Eldar Sabiroğlu: “Ermənistan Azərbaycanı müharibəyə çəkir”

“Ermənistan hər gün Azərbaycanı müharibəyə çəkir. Məcbur edir ki, Azərbaycan müharibəyə başlasın. Hər gün atəşkəsin pozulması, Azərbaycanda dinc sakinlərin yaşayış məntəqələrinin atəşə tutulması, beynəlxalq səviyyəli danışıqlarda ermənilərin öz mövqelərini dəfələrlə dəyişmələri, siyasi manipulyasiyalar etmələri, atəşkəsin pozulması nəticəsində hər iki tərəfin itkilər verməsi buna sübutdur”. APA-nın xəbərinə görə, bunu cəbhə bölgəsində keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib.

Eldar Sabiroğlu bu gün Azərbaycanda çox geniş və böyük silah arsenalının mövcud olduğunu da vurğulayıb.

Mətbuat xidmətinin rəisi son illər Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyinin yenidən qurulduğunu, əsgər kazarmaları ilə birgə, zabit və gizirlərin yaşayış səviyyəsinin yaxşılaşdırıldığını deyib.

Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Bakıda hərbi paradın keçiriləcəyi barədə suala cavabında nazirlik sözçüsü bunları deyib: “Vaxtı çatanda bu barədə, paradda hansı silahlı birləşmələrin, nə qədər hərbi texnikanın, canlı qüvvənin iştirak edəcəyi haqda məlumat veriləcək”.

“Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur”. Trend-in məlumatına görə, bu barədə mətbuata açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

“Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Bu günə qədər Azərbaycan 28 ölkə ilə hərbi saziş imzalayıb. Ordumuzun gündən-günə güclənməsi nəticəsində xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycan Ordusu ilə əməkdaşlığa marağı artıb. Azərbaycan Ordusunun hərbi potensialı gücləndirilir. Yeni texnikalar alınır. Son bir neçə ildə Silahlı Qüvvələrin 43 hərbi hissəsində əsaslı təmir-bərpa işləri aparılıb”, - Sabiroğlu əlavə edib.

Bundan başqa, Ermənistan Silahlı Qüvvələri son 5 ayda 447 dəfə atəşkəsi pozub. Ermənistan ordusundakı aclıq səbəbindən erməni hərbi qulluqçuları könüllü olaraq Azərbaycan tərəfə keçir. Erməni ordusunda nizam-intizam olmadığından tez-tez əsgərlər arasında münaqişələr yaranır.

Ermənistan ordusunun son vaxtlarda atəşkəsi pozması nəticəsində 6 əsgər şəhid olub. Bu müddət ərzində ATƏT cəbhə xəttində 5 dəfə monitorinq keçirib.

3 İyun, 2011  22:28 Baxılıb: 1195

Bu bölmədə