Simsar.az | bizi özünüzə Simsar bilin
Akademiyadan qovulan tələbə bərpa oluna bilmir

Elmin Bədəlovun şikayəti təmin edilmədi

İyunun 2-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun ADNA-ya və rektor Siyavuş Qarayevə qarşı ikinci məhkəmə iddiası üzrə şikayətinə baxılıb. Şikayət Nəsimi Rayon Məhkəməsinin fevralın 2-də çıxardığı qərardan verilib. Bakı Apelyasiya Məhkəməsindəki prosesdə Elmin Bədəlov, onun nümayəndəsi Fariz Namazlı, cavabdeh qismində isə vəkil İlqar Cavadov və ADNA-nın prorektoru Qasım Məmmədov iştirak ediblər. 

İşə hakim Sevda Hüseynova baxıb. O, E.Bədəlovun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Mediaforum” saytına açıqlamasında E.Bədəlov deyib ki, təhsil hüququnu bərpa etmək üçün hüquqi mübarizəni ölkə hüdudlarından kənarda aparacaq: “Ölkədə bu məsələyə qərəzli yanaşılır. Buna görə də beynəlxalq təşkilatlara edilən müraciətlər sürətləndiriləcək. İnsan hüquqları və media ilə bağlı beynəlxalq qurumlara davamlı məktublar göndərəcəyik”.
E.Bədəlov 2010-cu il yanvarın 19-da ADNA-dan xaric olunub. O, akademiyadan mətbuatda verdiyi açıqlamalara və yazdığı məqalələrə görə çıxarıldığını bildirir, qarşı tərəf isə bu iddianı əsassız sayır. Nəsimi Rayon Məhkəməsi E.Bədəlovun Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevə qarşı birinci iddiasını təmin etməyib. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.
Jurnalist növbəti dəfə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək akademiyaya bərpa olunmamasının qanunsuz hesab edilməsini və cavabdehin üzərinə onun tələbələr sırasına bərpasına dair vəzifə qoyulmasını istəyib. 2011-ci il fevralın 2-də Nəsimi Rayon Məhkəməsi bu iddianı da təmin etməyib.

3 İyun, 2011  18:32 Baxılıb: 1473

Bu bölmədə