Simsar.az | bizi özünüzə Simsar bilin
Akif Nağı Roma papasına məktub yazdı

Narahatlığını bildirib

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hazırkı Roma Papası XVI Benediktə məktub göndərib. QAT-dan Simsar.az saytına verilən məlumatına görə, Akif Nağı məktubda Roma Papası II İohan Pavelin bugünlərdə övliyalar sırasına daxil edilməsi və gələcəkdə müqəddəslər sırasına daxil edilməsi ehtimalı ilə bağlı narahatlığını bildirib.

Roma Papasının Bakıdakı nümayəndəliyinə təqdim olunan məktubda deyilir: “Hörmətli XVI Benedikt həzrətləri. Biz bütün dinlərə, dini xadimlərə, möminlərin hamısına hörmətlə yanaşır və dediklərimizə diqqət yetirəcəyinizə böyük ümüd edirik. Bugünlərdə mərhum Papa II İohan Pavel həzrətlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mərasim keçirildi. Bu yöndə növbəti addım kimi onun müqəddəslər sırasına daxil edilməsi nəzərdə tutulur. Biz xiristian kilsəsinin daxili işlərinə qarışmaq fikrində deyilik. Lakin bizim bildiyimizə görə, xristian ehkamları müqəddəslər sırasına daxil ediləcək hər kəsin Allah və bəndələr qarşısında haqsızlıq, ədalətsizlik və günahlardan təmiz olmasını tələb edir. Ona görə də nəzərinizə çatdırmağı özümüzə Allah qarşısında borc bilirik ki, mərhum Papa II İohan Pavel Azərbaycana qarşı Ermənistanın törətdiyi işğal və qətliamlarla, o cümlədən Xocalı qətliamı ilə bağlı vaxtilə ədalətli mövqe tutmayıb.

O, 1992-ci ildə Qarabağdakı erməni dəstələrinə məktub yazıb, onlara “Allahdan aldığı gücü” göndərdiyini bildirib, onların təcavüzkar hərəkətlərini “din uğrunda döyüş” kimi qiymətləndirib və “imkan olarsa Xocalıya gəlib orada həlak olmuş erməni qardaşlarının döyüş məkanlarına baş əyəcəyini” bildirib. Ola bilər ki, həmin dövrdə Papa erməni təbliğatı tərəfindən aldadılıb. Ona görə də biz 2002-ci ildə Bakıya səfəri zamanı ondan müəyyən etiraflar gözlədik. Təəssüf ki, II İohan Pavel həzrətləri Azərbaycanda olarkən “bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətləndi. Növbəti ildə, 2003-cü ilin sentyabrında İrəvana səfər edərkən isə orada Qarabağ müharibəsində ölən ermənilərin məzarını ziyarət etdi.

Azərbaycana qarşı işğal törətmiş, minlərlə dinc insanı, uşaqları, qadınları, qocaları qətlə yetirmiş tərəfə bu cür isti münasibətin göstərilməsini biz başa düşə bilmirik. Papa həzrətləri İkinci Dünya müharibəsinin acılarını yaşayıb, bir polyak kimi işğala və qətliamlara məruz qalmış xalqın nümayəndəsi olub. Bu gün ermənilər Hitler faşizmindən daha qəddar metodlara əl atır, vəhşiliklər törədirlər. Bu cür vəhşiliyi, qəddarlığı, erməni faşizmini müdafiə etmək olmaz, onları müdafiə edən şəxs müqəddəslər sırasına daxil edilə bilməz. Biz bu məsələ ilə bağlı narahatlığımızı sizə çatdırırıq, qərarı isə özünüz verəcəksiniz. Allah haqq yolu ilə gedənlərə kömək olsun! Amin!”

3 May, 2011  18:40 Baxılıb: 1185

Bu bölmədə