Simsar.az | bizi özünüzə Simsar bilin
Qadın ərini soyğunçuların əlindən qurtardı

Cinayətkarların daha bir neçə əməli müəyyənləşdirilib

Aprelin 18-də Bakı şəhəri, Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, Zərdabi küçəsində 2 naməlum şəxs 1964 təvəllüdlü Faiq Eyvazova yaxınlaşıb. Bu zaman həmin şəxslərdən biri F.Eyvazovun boğazından tutub və onu boğmağa, digəri isə cibindəki pulu çıxarmağa başlayıb. Lakin 47 yaşlı kişi qışqırmağa imkan tapıb və onun həyat yoldaşı tez hadisə yerinə gəlib. Soyğunçular niyyətlərinin baş tutmadığını görüncə əliboş aradan çıxıblar.


Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Odxan Abdullazadə və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Abbasov tutulub. Hər iki şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların aprelin 17-də A.Şərifzadə küçəsində Bakı şəhər sakini Asif Əsədova qarşı zor tətbiq edərək ondan 95 manat, aprelin 18-də isə H.B.Zərdabi küçəsində Sumqayıt şəhər sakini Vasif Rzayevin idarə etdiyi "TOFAŞ" markalı avtomaşına sərnişin qismində oturduqdan sonra ona qarşı zor tətbiq edərək içərisində şəxsi sənədləri və mobil telefonu olan pul kisəsini götürərək qaçmaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

19 Aprel, 2011  18:45 Baxılıb: 1231

Bu bölmədə