Simsar.az | bizi özünüzə Simsar bilin
Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan etdi

Müsabiqəyə 2 rəqs təqdim olunmalıdır

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu ilin noyabr ayında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsini keçirir. 

Nazirliyin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, müsabiqə 2011-ci il 5-15 noyabr tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda keçiriləcək. Müsabiqədə iştirak edən rəqs kollektivlərinin tərkibi 8 -16 nəfər, iştirakçıların yaş həddi 7-15 yaş müəyyənləşdirilib. İştirakçı kollektivlərin çıxışının proqramı və digər sənədlər (anket-ərizə, iştirakçıların doğum haqqında şəhadətnamələrinin surəti) 20 oktyabr tarixinədək Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə göndərilməlidir. Müsabiqəyə 2 rəqs təqdim olunmalıdır. İştirakçı kollektivlər Azərbaycan xalq rəqsi, müasir və dünya xalqlarının rəqslərini təqdim edə bilərlər. Kollektivlərin geyimləri rəqsin xarakterinə uyğun olmalıdır.
Müsabiqə qalibləri və fərqlənən kollektivlər üçün Nazirlik tərəfindən diplom, fəxri fərman, pul mükafatları təsis edilib.

Müsabiqənin qalib rəqs kollektivləri dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsertdə çıxış etmək üçün dəvət olunacaqlar.

14 Aprel, 2011  18:36 Baxılıb: 1508

Bu bölmədə