Simsar.az | bizi özünüzə Simsar bilin
Fırıldaqçılar internet məkanında

Müflisləşmək istəmirsinizsə…


Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişaf artdıqca, kibercinayətkarlıq hallarının da sayı ildən-ilə çoxalır. İnternet cinayətkarlarının yalan və şirnikləndirici təklifləri son zamanlar daha da intensivləşib. Kibercinayətkarlar bu yolla insanları aldadıb elektron ünvan, bank hesabları və.s məlumatları almaqla bank-maliyyə fırıldaqlarının törədilməsi, kompüter şəbəkələri vasitəsilə informasiyaların məhvi, dezinformasiyaların verilməsi, yad ideoloji təbliğat aparılması, dağıdıcı virus proqramlarının yayılması ilə məşğul olurlar.

Cinayətkarlığın Azərbaycanda daha geniş yayılmış formalarından biri də özlərini yazıq kimi qələmə verib, internet istifadəçisindən kömək istəməkdir. İlkin tanışlığı sosial şəbəkə vasitəsilə edib, daha sonra elektron ünvanla əlaqə saxlayırlar. 

Belə məktublar daha çox Afrika ölkələrindən gəlir. Bu cür hallarla rastlaşan bir neçə internet istifadəçiləri Simsar.az-danışıb.

Universitet tələbəsi Ülviyyə xanım:

- Qana respublikasından belə bir məktub gəlmişdi ki, guya elektron ünvanlar arasında seçim olunub və ünvanım seçimə düşüb.  İşlədiyi bankın müdirinin 2007-ci ildə vertolyot qəzasında həlak olduğunu deyən Abdulbari Bandaqo adlı  şəxs 7.5 milyon dolların 20 faizini vəd edirdi. Birinci mərhələdə ad, soyad elektron ünvan və.s haqqında məlumatları istəyirdi. Daha sonra mənə ciddi bir adamın mobil nömrəsi təqdim olundu. Bank hesabının göndərilməsini tələb edirdilər ki, hesabıma pul köçürsünlər.

Adının yazılmasını istəməyən tələbə:

- Julian Jaktin Yak adlı bir qadın yazıb ki, atam Qana respublikasının prezidentinin mühafizə xidmətinin rəisi olub. İki il budan əvvəl gəmi qəzasında ölüb. Guya atasının ölməmişdən əvvəl ögey anasına yazdığı məktubda qızın hesabında 650 min dollar pul var. Deyirdi ki, mənim ölkədən çıxışım yasaqlanıb və beynəlxalq pasport lazımdır. Mənimlə iş birliyi qurmaq, bizim ölkədə işləmək, təhsil almaq istədiyini bildirdi. Qazancının 60 faizini təklif edirdi ki, sən mənim xarici partnyorum olacaqsan. Bunun üçün ad, familiya və bank hesabını göndərməyimi istədi. Hazırda söhbətlərimiz davam edir. Axşam e-mailə baxacam görüm nə yazıblar.
  
Bakı Dövlət Universitetinin tələbəsin Murad Əhmədov: 
- Mənə Nigeriyadan mail gəlmişdi ki, Avstraliya Ltd şirkəti tərəfindən lotereya keçirilib, e-mailim guya qalib olub və 500 min dollar udmuşam. Mənə sənəd də göndərmişdilər. Aplikeyşn formasında skayner edilmiş şəkil idi. Daha sonra ad-familiyam və e-mailimi istədilər. Başladım bunlar haqqında məlumat axtarmağa. İngilis dilli saytlarda oxudum ki, elektron e-maili göndərdikdən sonra hakkerlər sənin mail-inlə girib hansı bankda mail açmısansa həmin bankı boşaldırlar. Sonra isə bank sənin nəyin var, müsadirə eləyir. Saytda bir neçə tələbə danışırdı ki, mənim evimi, hər şeyimi alıblar, küçələrdə avara olmuşam. Başqa yaşlı adamlar da elektron hesablarını verməklə müflis olduqlarını bildirirdilər.

BDU-nun 3-cü kurs tələbəsi Emin:

-Liviyadan yazmışdılar mənə. Deyirdi ki, Liviyadakı inqilab zamanı evim yandırılıb, Venesuelada alaçıqlarda qalır. Atası hansısa şirkətin prezidenti olub. O da iğtişaşlar zamanı öldürülüb. Rusiya banklarının birində çoxlu (6 milyon dollar) pulu olduğunu deyir. Guya, facebookda məni görüb və inanılası adama oxşamışam. Bizim ölkəyə gəlib investisiya qoymaq istədiyini, bunun üçün mənim köməyim lazım olduğunu deyirdi və qazancın bir hissəsini vəd edirdi. Nəhayət, ad, soyad, telefon nömrəsi və bank hesabı göndərməyimi istədilər. Amma, mən göndərmədim. Çünki bu cür xuliqanlar haqqında eşitmişdim. 

Şəhər sakini Rəşad Əliyev:

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün simsara.az-a deyib ki, belə fırıldaqçılıqla məşğul olan belə insanların tapılması asan deyil: “Bəzən bu şəxsləri heç tapmaq olmur. Xarici ölkələrdə bu cür cinayətkarlıqla mübarizə aparan xüsusi orqanlar fəaliyyət göstərir. Azərbaycan da kibercinayətkarlıqla mübarizəyə qoşulduqdan sonra bu istiqamətdə işlər görülür, mütəxəssislər hazırlanır və onlar internetdə araşdırmalar aparır. Ancaq dövlət tərəfindən maarifləndirmə işi zəif aparılır”.

Elgün Mənsimov


14 Aprel, 2011  17:33 Baxılıb: 1942

Bu bölmədə