Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət Sosial Müdafiə Fondunun keçmiş rəsmisinə hökm oxundu

Azər Hüseynov rüşvət alarkən cinayət başında yaxalanıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin sabiq müdiri Hüseynov Azər Ələkbər oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Simsar.az -ın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Azər Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. 

İttiham aktına görə, Azər Hüseynov rüşvət alarkən cinayət başında yaxalanıb. Belə ki, Azərbaycan vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərib.

Həyata keçirilən müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən Azər Hüseynov cinayət başında yaxalanıb. Keçirilən baxış nəticəsində Azər Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunub. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənimsəməsi faktı da müəyyən edilib.

11 Aprel, 2011  19:43 Baxılıb: 1232

Bu bölmədə