Simsar.az | bizi özünüzə Simsar bilin
Yanğınsöndürənlər neft quyusu başında növbə çəkir

Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtərdə neft quyusundan qaz püskürməsi ilə bağlı məlumat yaydı

Simsar.az nazirliyin saytına istinadən xəbər verir ki, Tərtər şəhəri, H.Əliyev prospektində istismarı dayandırılmış neft quyusunda qaz püskürməsi qeydə alınıb. Yanğın hadisəsi olmayıb. Baş verə biləcək yanğının qarşısını almaq məqsədilə yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər. Müvafiq qurumlar tərəfindən iş aparılır.

 

Tərtər rayonunda istismar müddəti başa çatan neft quyusunda partlayış baş verib. Simsar.az -ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gecə meydana gəlib. 

Quyuların yerləşdiyi ərazidə məcburi köçkünlər məskunlaşıb. Partlayışın baş verdiyi quyu köçkünlərdən birinin evinin 2 metrliyində yerləşir. Məcburi köçkünlər dərhal ərazidən evakuasiya olunub. Onlar müvəqqəti olaraq qohumlarının yanına yerləşdirilib. 

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Kənar şəxslərin neft quyusuna yaxınlaşmasına icazə verilməyib. Hadisədən dərhal sonra Tərtər rayon İcra Hakimiyyyətinin rəhbərliyi, FHN-nin regional idarəsinin əməkdaşları hadisə yerinə gəlib.

Tərtər rayon FHK-nın sədri Vidadi Bəylərovun jurnalistlərə verdiyi məlumata görə, hadisəyə quyuda yığılan qazın yaratdığı yüksək təzyiq səbəb olub.

"Hadisə saat 22:00 radələrində baş verib. Biz dərhal hadisə yerinə gəldik. Təqribən 1 kubmetr beton dağılıb", deyə V. Bəylərov qeyd edib.

Ötən əsrin 30-cu illərində Tərtər rayonu ərazisində onlarla belə neft quyusu qazılıb. Buradan çıxan neft Goranboy ərazisinə, oradan da dəmir yol vasitəsiylə paytaxta nəql olunub. İstismar müddəti başa çatan həmin quyular 2007-ci ildə betonlanaraq bağlanıb. Digər quyularda anoloji halların baş verə biləcəyinə gəlincə isə Tərtər FHK-nın sədri Vidadi Bəylərov mütəxəssis rəyi gözlədiklərini və dərhal tədbir görüləcəyini bildirib.

Quyuda qaz sızması davam edir. Hazırda Neft Şirkətinin mütəxəssisləri ərazidə araşdırma aparır.

11 Aprel, 2011  18:26 Baxılıb: 1387

Bu bölmədə