Simsar.az | bizi özünüzə Simsar bilin
Allahşükür Paşazadə qəti etirazını bildirdi

İstər Tövrat, istər İncil, istərsə də Qurani-Kərim Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilmişdir

“Qafqaz Müsəlmanları İdarəsi martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində Qurani-Kərimin nüsxəsinin yandırılması hadisəsini qətiyyətlə pisləyir və bu hiddətdoğuran üzdəniraq hərəkətə öz qəti etirazını bildirir”.

Simsar.az -ın məlumatına görə, bi fikirlər QMİ-nin yaydığı bəyanatdandır. Bəyanatda bildirilir ki, özünü keşiş kimi qələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyatına toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır: “Belə ki, bu hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər. Düşünürük ki, keçən il Quranın yandırılacağı ilə bağlı təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri nəticəsində neytrallaşdığı halda, bu məsələnin yenidən gündəmə gəlməsi yalnız və yalnız qərəzli xarakter daşıyır. Belə ki, müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olmuş bu hadisənin törədilməsi xristian-müsəlman ziddiyyəti yaratmağa yönəlmiş addımdır. 

Səmavi kitabların sonuncusu olan Qurani-Kərimə təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin, insan hüquq və azadlıqlarının ardıcıl müdafiəçisi kimi çıxış edən, özünü İraqda, Əfqanıstanda, Liviyada müsəlman əhalinin təəssübkeşi olaraq təqdim edən bir ölkədə nümayiş etdirilməsi demokratiya adına ləkədir. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz. ABŞ-ın Dövlət Departamenti tərəfindən bu məsələyə münasibət bildirilməsini gözləyirik.

İstər Tövrat, istər İncil, istərsə də Qurani-Kərim Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilmişdir. Qurani-Kərimdə Musa, İsa, Məryəm və digər müqəddəslərin adları ehtiramla çəkilir, İslam onları qəbul edir. Bu kitabdakı ali mətləblərdən xəbəri olmadan onu yandırmaq mahiyyət etibarilə Tövrata da, İncilə də qarşı bir üsyandır.

Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın heysiyyatına toxunan bu hadisəyə qəti etirazını bildirir, ABŞ-ın dövlət rəsmilərini, ictimai birliklərini və dini mərkəz rəhbərlərini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən cıxış etməyə, insan qarşıdurmasına yol aça biləcək belə mənfur təxribatların gələcəkdə qarşısını almaq üçün fəal səy göstərməyə çağırır. İslamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş üzdəniraq keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə Qanunla cəzalandırılmasını tələb edirik”.

5 Aprel, 2011  03:44 Baxılıb: 1358

Bu bölmədə