Simsar.az | bizi özünüzə Simsar bilin
"Berti Foqtsu qovun!"

AFFA-nın prezidenti azarkeşlərin tərəfinə reaksiya verdi

APA-nın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan yığma komandasının Belçikaya 1-4 hesabı ilə uduzmasından sonra baş məşqçinin istefası ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

R. Abdullayev bildirib ki, yığmanın nəticələrinin əsas səbəbi hələlik heyətdə güclü oyunçuların, xüsusilə də hücumçuların olmamasıdır: “Deyirsiniz Foqtsu qovaq, bəs yerinə kimi gətirək?”

AFFA rəhbəri mətbuatı və ictimaiyyəti ilk növbədə yığma komandanı dəstəkləməyə çağırıb: “Biz Belçika ilə oyuna 500-dək bilet almışdıq, amma bütün Avropadan ora 100-dən artıq azərbaycanlı gəlməmişdi. Digər komandaların azarkeşləri isə öz komandalarını hətta uduzanda da dəstəkləyirlər».

Yığmanın oyunundan AFFA rəhbərliyinin də narazı olduğunu etiraf edən R. Abdullayev vəziyyəti düzəltmək üçün işlərin görüldüyünü də bildirib: «Biz də millinin oyunundan narazıyıq, biz də çalışırıq ki, milliyə yeni və gənc oyunçular cəlb edək. Azərbaycanda futbolun inkişafı üçün ciddi işlər görülür, demək olar bütün yaş qrupları üzrə milli komandalar yaradılıb. İndi millidə 20 yaşlı 7-8 oyunçu var. Amma onların psixoloji hazırlıq məsələləri həll olunmalıdır”.

R. Abdullayev bəzi şəxslərin yığmanın oyunçularını yaxşı nəticələr göstərmədiyinə görə, təhqirlərə yol verilməsinə da etiraz edib: “Heç kimə ixtiyar verilməyib ki, azərbaycanlı oyunçuları təhqir etsin. Özlərini ziyalı sayan bəzi şəxslər təhqirə yol verərək, onlara «bir sürü qoyun» deyib. Bu sözlərdən sonra həmin oyunçuların psixoloji durumu necə ola bilər? Mən həmin şəxsləri ziyalı saymıram. Millini tənqid etmək lazımdır, amma təhqir olmaz».

2 Aprel, 2011  19:11 Baxılıb: 1437

Bu bölmədə