Simsar.az | bizi özünüzə Simsar bilin
TQDK məlumat yaydı

Sabahdan 18 şəhərdə sınaq imtahanları keçiriləcək

TQDK-nın mətbuat xidmətindən Simsar.az -a daxil olan məlumata görə, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 35 binada keçirilir. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılıb və 31468 abituriyent qeydiyyatdan keçib.

TQDK xəbərdarlıq edib ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.

Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali təhsil müəssisələrinə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Aprelin 3-də və 10-da sınaq imtahanlarının iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.

Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

2 Aprel, 2011  18:34 Baxılıb: 1479

Bu bölmədə