Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Parkda bəzi tikililər söküləcək

Söküntü işləri Əl Oyunları Sarayı ilə Gəmi Təmiri Zavodu arasındakı yararsız tikililərə şamil ediləcək

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhərinin Səbail rayonunda Əl Oyunları İdman Sarayının binası ilə Gəmi Təmiri Zavodu arasındakı ərazidə yerləşən yararsız tikililərin sökülməsi üçün nəzərdə tutulan işlərin satın alınması üzrə açıq tender elan edib.


«APA-ECONOMICS»in məlumatına görə, tender elanına əsasən, bu ərazidəki yararsız tikililərin sökülməsi, istifadə üçün yararlı olan əmlakın ayrıca anbarlaşdırılması, ərazinin tullantılardan təmizlənməsi, eləcə də, ərazidə olan mövcud kommunikasiya xətlərinin müvafiq qaydada razılaşdırılaraq demontajı nəzərdə tutulub.


Tenderdə iştirak haqqı 1000 manat nəzərdə tutulub. Tender təkliflərinin qiymətləndirilməsində görüləcək işlərin minimal qiyməti, iddiaçının müvafiq icra potensialına malik olması və oxşar işlərdə təcrübəsi, işlərin icra müddəti əsas götürüləcək.


Elana əsasən, tender təklifləri aprelin 28-dək Tender Komissiyasına təqdim edilməlidir. Zərflərin açılışı aprelin 29-da Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında həyata keçiriləcək.

30 Mart, 2011  19:50 Baxılıb: 1415

Bu bölmədə