Simsar.az | bizi özünüzə Simsar bilin
Türkanda qədim məscid bağlandı

Türkandakı aksiyadan sonra bu qəsəbədəki iki məsciddən biri bağlanıb

Bu barədə AzadlıqRadiosuna qəsəbə sakinləri məlumat veriblər. Sakinlərin dediyinə görə, həmin məscidə əsasən gənclər ibadətə gəlirmiş. 

Adının çəkilməsini istəməyən qəsəbə sakinlərindən birinin deyib ki, rəsmilər etiraz aksiyasını da elə həmin məsciddə ibadətə gələn gənclərin təşkil etdiyini düşünürlər.

Bakıətrafı Türkan və Zirə qəsəbələri arasında yerləşən həmin qədim məscid 2-3 il əvvəl təmir olunub və sakinlərin istifadəsinə verilib.

Qəsəbənin icra nümayəndəsi Əvəz Kazımov isə «Bağlar» deyilən ərazidəki bu məscidin bağlanmasının etiraz aksiyası keçirilməsi ilə əlaqəli olmasını təkzib edib. İcra nümayəndəsi deyib ki, həmin qeydiyyatdan keçmədiyi üçün bağlanıb.

Martın 18-də Türkan qəsəbəsində etiraz aksiyası olub. Sakinlər sosial problemlərə, qəsəbənin dənizə çıxışını məmurların hasara almasına və qəsəbənin yaxınlığındakı «Əli Ayağı» ziyarətgahının söküləcəyi barədə yayılan məlumatlara etirazlarını bildiriblər.

Həmin aksiya zamanı bir qrup gənc məmurlara məxsus olduğu bildirilən hasarları sökməyə cəhd edib. Xəzər və Abşeron rayon icra hakimiyyəti rəsmilərinin əraziyə gəlməsindən sonra aksiya dayandırılıb.

23 Mart, 2011  00:33 Baxılıb: 1465

Bu bölmədə