Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan klubu Çempionlar Liqasının yarımfinalında!

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının “dördlər finalı”na vəsiqə qazanıb

Simsar.az-ın məlumatına görə, komandamız ikinci “pley-off” mərhələsinin cavab oyununda Polşa “Bank BPS Fakro”sunu məğlub edib – 3:0. “Rabitə” cəmi 69 dəqiqə davam edən qarşılaşmada elə də çətinlik görməyib. İlk setdə 25:20 hesabı ilə qalib gələn Azərbaycan çempionu sonrakı iki setdən eyni hesablı üstünlüklə ayrılıb – 25:19, 25:19. 


Komandamız ilk görüşdə də eyni hesabla qalib gəldiyindən, həlledici mərhələyə vəsiqə qazanıb. “Dördlər finalı” 19-20 martda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq. Martın 19-da “Rabitə”nin rəqibi “Skavolini” (İtaliya) - “Volero” (İsveçrə) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə 3:1 hesabı ilə qalib gələn “Skavolini” öz meydançasında bu gün keçirəcəyi cavab matçı üçün böyük üstünlük əldə edib. “Dördlər finalı”nın digər yarımfinalında isə “Fənərbağça” klubu Türkiyənin daha iki təmsilçisi - “Eczacıbaşi VitrA” və “VakıfGünəş TTelekom” komandaları arasındakı oyunların qalibi ilə görüşəcək.

Yarımfinalda qalib gələnlər ertəsi gün finalda, məğlub olanlar isə 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcək.


Qeyd edək ki, “Rabitə” ilk dəfə Çempionlar Liqasının “dördlər finalı”nda oynayacaq.

3 Mart, 2011  23:55 Baxılıb: 1601

Bu bölmədə