Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun cənazəsi Bakıya gətirilib

Mərhumla vida mərasimi sabah Təzəpir məscidində keçiriləcək

Vyanada vəfat etmiş Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun cənazəsi bir qədər əvvəl Vyana-Bakı aviareysi ilə Bakıya gətirilib. APA-nın məlumatına görə, mərhumla vida mərasimi sabah saat 12-dən 15-ə kimi Təzəpir məscidində keçiriləcək. Dəfn mərasimi saat 15-də başlanacaq.

Xatırladaq ki, səfir Fuad İsmayılov uzun sürən xəstəlikdən sonra dünən səhər saatlarında Vyanada vəfat edib. 43 yaşında dünyaya göz yuman səfir diplomat ölkəmizin Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyanadakı bölməsində, ATƏT, BMSİT, AEBA və NSTQOMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, eyni zamanda, Sloveniya və Slovakiyada səfiri vəzifəsində çalışıb. 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olan Fuad İsmayılov Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunudur. “AssA–İradə” Azərbaycan Müstəqil İnformasiya Agentliyində əmək fəaliyyətinə başlayıb. 1992-1995-ci illərdə Prezident Aparatının xarici əlaqələr şöbəsində, 1998-2005-ci illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci il martın 7-də Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səmərəli fəaliyyətinə görə 2009-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı ilə təltif olunub.

24 Fevral, 2011  22:55 Baxılıb: 1608

Bu bölmədə