Simsar.az | bizi özünüzə Simsar bilin
Saatların irəli-geri çəkilməsi bizə nə qazandırır: qənaət, yoxsa xəstəlik?

Saat çəkilməsi qəfil ölümə səbəb olurmu?

Yay və qış vaxtına keçidin mənfi və müsbət tərəfləri nələrdir?

Hər il iki dəfə saatlarımızı irəli-geri çəkməyə artıq adət etmişik. Yaz-qış rejimində saatlarımızı bir saat irəli və ya geri çəkməklə fəsillərlə ayaqlaşmağa çalışırıq. Amma bu rejim getdikcə, dünya ölkələrində ləğv edilir. Milli.Az xəbər portalı bildirir ki, son məlumatlara görə, 30-dan artıq ölkədə yay-qış rejiminə keçid dayandırılıb. Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya, Özbəkistan, Türkmənistan, Tacikistan da bu tətbiqetmədən imtina edib. Qonşumuz Gürcüstan da bu barədə addmını atdı və bu uyqulamanı ləğv etdi. Bu günlərdə Rusiyada da ləğv edilən saatların çəkilməsi məsələsi bizim ölkəmizdə də müzakirə edilir.

Saat çəkimi qəfil ölümə səbəb ola bilərmi?

Bu barədə dünya şöhrətli həkim və psixoloqların mənfi rəylərini xarici mətbuat kifayət qədər yazsa da, bizim bəzi həkimlər, psixoloqlar qətiyyətlə bildirir ki, saatların irəli-geri çəkilməsi insan orqanizminə heç bir zərər vermir. Amma bəzi sağlıq  keşikçiləri bildirir ki, bu prosesi tətbiqetmə həqiqətən də insana zərər verir.

"Yeni saat rejiminə adaptasiya olma əsəb, ürək problemləri olan insanlara pis təsir edir"

Fizio-teropevt Afaq Şeyxova saatın irəli-geri çəkilməsinin insanların səhhətinə kifayət qədər mənfi təsir etdiyini deyir: "Saatların irəli və ya geri çəkilməsi insanlara olduqca pis təsir edir, onların gündəlik, adət etdikləri rejim dəyişir. Daha çox bu uyğulamadan ürək xəstəliyi olanlar, yüksək təqyiqli insanlar, qan-damar xəstələri zərər görür. Bizə saat uyğulamaları dəyişdirildiyi günlər ən çox belə xəstələr müraciət edir və bu barədə şikayətlənir”.
Mütəxəssis əqrəblərin irəli və ya geri çəkilməsinin uşaqlar və yaşlılar arasında yuxu pozğunluğuna, stessə və immun sistemində mənfi dəyişikliyə səbəb olduğunu da bildirir. Saatların irəli-geri çəkilməsinin ləğvini dəstəkləyən Afaq Şeyxova deyir ki, yeni rejimə adaptasiya olma prossesi bir neçə günə, bəzən daha uzun müddətə mümkün olur.
Bu da əsəb, ürək kimi problemləri olan xəstələr üçün heç də yaxşı deyil: “Əminliklə deyirəm ki, sadaladığım xəstələrin həmin günlərdə keçirdiyi stress, əsəb və gərginlik infarktın əlamətləridir və sonu da bu cür olur. Bu, daha çox payız uyğulaması zamanı baş verir. Oktyabrda qış vaxtına keçəndə bu tip xəstələrdə gərginlik birə-on artıq. Çoxları təsdiqləyə bilər ki, qış vaxtına keçid ərəfəsində infarkt və qəfil ölümlərin sayı artır. Fikrimcə, bu tətbiqetməni ləğv etmək ən doğrusudur”.
 
Saatların çəkilməsinin ləğvi ölkəmizdə də gerçəkləşə bilər

Qeyd edək ki, yay və qış vaxtına keçilməsi bizim ölkəmizdə Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq yerinə yetirilir. Hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə ölkəmizdə yay vaxtına keçilir.
Oktyabr ayının sonuncu bazar günü isə əqrəblərin bir saat geriyə çəkilməsi ilə isə yay vaxtı ləğv edilərək qış vaxtına keçirik. Bir çoxlarımızın dəstəkləmədiyi, saatların irəli-geri çəkilməsi ilə həyatımızın alt-üst olduğunu düşündüyümüz bu uyğulama gərəklidirmi?
Azərbaycan hökumətinin yaxın günlərdə bu məsələyə baxacağı da gözlənilir. Ölkəmizdə yay və qış vaxtına keçidin ləğvinin gerçəkləşdirlilməsi də mümkündür.
Nazirlər Kabineti 1981-ci ildən indiyədək ölkəmizin ərazisində yay və qış vaxtına keçid tətbiqetməsi həyata keçirir. İndiyədək qaydanın ləğvi barədə heç bir müzakirə aparılmayıb. Yalnız bir dəfə- 1992-ci ildə ölkəmizdə saatların irəli və ya geri çəkilməsi həyata keçirilməyib.

Saatların irəli-geri çəkilməsi iqtisadiyyata dəstək verir?

Saatların irəli-geri çəkilməsinin tətbiqi və bununla da gün işığından daha çox faydalanmaqla iqtisadiyyata dəstək vermək olarmı? Son günlər bu barədə çox danışılır. Hətta Türkiyədə aparılan hesablamalarda belə bir nəticəyə gəlinib ki, saatların irəli-geri çəkilməsi enerjiyə qənaət üçün ən yaxşı üsuldur.

Türkiyə Enerji Nazirliyində aparılan bir hesablamada bu uyğulamanın hər il 600-700 milyon kilovat elektrik enerjisinə qənaət üçün stimul verdiyi bildirilib. Amma yerli əhali saatların irəli-geri çəkilməsi yerinə iş saatlarının dəyişməsinin tərəfdarıdır.
Birinci Dünya Müharibəsi ərəfəsində bir çox ölkə saatlarını ilin müəyyən aylarında yenidən nizamlamağa başladı. Bunun məqsədi günün işıqlıq saatlarını, insanların oyaq olduqları zamana uydurmaq, bu səbəbdən evlərdə və küçələrdə yanan lampalar üçün lazım olan enerjiyə qənaət etmək idi.
ABŞ-da qış aylarında standart zaman, yaz-yayda isə gün işığı ilə qənaət üçün gərəkli zamanı tətbiqi konqres qərarı olaraq qəbul edilib, amma buna  baxmayaraq bəzi əyalətlər bu tətbiqi rədd edib. Bu əyalətlərdə hələ də standart yaz-qış zamanı tətbiqi davam etməkdədir.
Saatların irəli çəkməsinin qış mövsümü ilə, geri çəkilməsinin isə yazla əlaqəsi yoxdur. Qış aylarında standart zaman tətbiq olunur. Hava qaraldımı, insanlar dincəlməyə, yatmağa ehtiyac duyurlar. Ancaq yaz günlərində günün çox hissəsinin  işıqlı olması səbəbi ilə bu müddətin başlanğıcını irəli sürüşdürərək, axşam olma müddətini bir saat uzatmaq ağıllı fikirdir. Daha dəqiqi günü uzatmaqla və təbii işıqdan-Günəşdən istifadə etməklə həqiqətən də qənaət etmiş oluruq.

Lalə Mehralı

14 Fevral, 2011  15:23 Baxılıb: 3372

Bu bölmədə