Simsar.az | bizi özünüzə Simsar bilin
MƏTANƏT İSGƏNDƏRLİ MAHİR ABDULLAYEVİN OĞURLANMASINDAN DANIŞDI-EKSKLÜZİV

“Mən onları tanımıram”

Azərbaycan Beynəlxalq Universitetinin sahibi, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin ölkə başçısı Ilham Əliyevə ünvanladığı müraciətdə əksini tapan məqamlar ayrı-ayrılıqda müzakirə olunmaqdadır.

Diqqət cəlb edən nüanslardan biri də, E.Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanmasında tanınmış müğənni Mətanət İcgəndərli və yaxınlarının iştirakı ilə bağlı deyilənlərdi.

ABU-nun keçmiş rektoru “Azadlıq” qəzetinə göndərdiyi müraciətdə iddia edir ki, M.Abdullayev məhz müğənninin evindən oğurlanıb. Həmin gün onu evinə M.Isgəndərli özü çağırıb. E.Abdullayev deyir ki, bu, qardaşının oğurlanması ilə bağlı planın tərkib hissəsi olub.

Məktubda müğənni M.İsgəndərli və onun Təranə adlı bacısı, eləcə də yaxın ətrafı haqqında yazılıb: “Qardaşım Mahir Abdullayevlə bağlı cinayət, məkan və zaman etibarilə 13 oktyabr 2003-cü ildə müğənni Mətanət İsgəndərlinin mənzilində baş verib. Cinayətin icraçıları isə müğənni və bacısı Təranə, Sənan İbrahimov, Qulu Cəfərov, skripkaçı Asif, Mətanətin sürücüsü Teymur, prodüsseri Ələddin, mühafizə xidməti rəhbəri Fazildir. Hələ 2003-cü ilin yanvarında Akif Çovdarov Mahiri oğurlamaq istəyib. Belə ki, müğənni Mətanət İsgəndərli Sverdlovska konsertə gedərək Mahiri də ora dəvət edib”.


Simsar.az-ın əməkdaşı E.Aabdullayevin M.İsgəndərli barədə açıqlamalarına münasibət öyrənmək üçün müğənninin özü ilə əlaqə saxlayıb.

“Mənim adımı bu işlərlə bağlamayın. Elşad Abdullayevin dediklərinə onsuz da, cavab verməyəcəm. Özünüzü boşuna yormayın” deyə, M.İsgəndərli həyacanlı halda cavab verib.

M.Abullayevlə tanışlığına gəlincə, müğənni ümumiyyətlə, bu mövzuda danışmaq istəmədiyini deyib: “Mən onları tanımıram. Məni bu işə qatmayın”.

Qeyd edək ki, M.Abdullayevin oğurlanması barədə ilk olaraq ictimaiyyətə məlumat verən tanınmış hüquqşünas Əyyub Kərim mətbuata açıqlamasında M.İsgəndərlinin Abdullayevlə yaxın münasibətdə olduğunu bildirib: “Bu xanım müğənni Mahirlə çox yaxın olub. Mən Mahir Abdullayev oğurlanmazdan əvvəl bir məclisdə oldum. Mahir ora sərxoş gəldi və Mətanət İsgəndərli ilə mübahisə etdi. Müğənni onu həmin məclisdən mədəni şəkildə qovdu. Ola bilər ki, Mahir oğurlanandan sonra Mətanət İsgəndərli ciddi dindirilib. Ola bilsin ki, Mətanət İsgəndərli dindirilərkən ondan hüquq-mühafizə orqanlarına verdiyi məlumatların yayılmaması üçün iltizam alınıb, o da buna görə susur”.

M.İsgəndərlinin adı qanqster dəstəsinin başçısı Hacı Məmmədovun cinayət əməllərində də hallanıb. Onun qətlə yetirilənlərin qəbiristalığına çevrilmiş “Qarabulaq” istirahət mərkəzində H.Məmmədovla birgə çəkdirdiyi şəkillər mətbuarda dərc olunub.

RAMİL

29 Sentyabr, 2011  19:29 Baxılıb: 2590

Bu bölmədə