Simsar.az | bizi özünüzə Simsar bilin
Lənkəranda fəlakət

2 ailə itkin düşdü

Sentyabrın 18-də saat 15.00 radələrindən Lənkəran rayonunun dağətəyi yaşayış məntəqələrinə yağan leysan həyatı iflic edib.

APA-nın cənub bürosunun məlumatına görə, dağ çaylarından axan sel suları Lerik rayonu ilə həmsərhəd olan Yuxarı və Aşağı Təngivan, həmçinin Şovu kəndlərində 25 fərdi yaşayış evi üçün real təhlükə yaradıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Rvo ərazi vahidliyi üzrə nümayəndəsi Oruc Şərbətov APA-nın yerli bürosuna bildirib ki, bu evlərin sakinləri evakuasiya edilərək, müvəqqəti olaraq qohumlarının yanına köçürülüb. Yuxarı Təngivan kənd sakinləri Ziqam Taleh oğlu Əliyevin və Şahgəldi Taleh oğlu Sucayevin evləri isə ətraf aləmdən təcrid olunduğundan hələlik onların ailəsi barədə məlumat yoxdur. Sel suları yerli əhaliyə məxsus çoxlu sayda mal-qara və toyuq-cücənin də tələf olmasına, ərzaq məhsullarının sıradan çıxmasına səbəb olub. Sözü gedən yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Leysanın fəsadları Lənkəran-Lerik şose yolundan da yan keçməyib. Bir neçə yerdə baş verən torpaq sürüşmələri həmin yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Lənkəran və Lerik rayonlarının fövqəladə hallar komissiyalarının rəhbərliyi ilə hazırda ağır texnika və canlı briqada kəndlərdə, Lənkəran-Lerik yolunda selin yaratdığı fəsadları aradan qaldırmağa səfərbər olunub.

19 Sentyabr, 2011  13:33 Baxılıb: 948

Bu bölmədə