Simsar.az | bizi özünüzə Simsar bilin
"Yeni Müsavat"la Müdafiə Nazirliyi arasında gərginlik məhkəmə həddinə çatdı

Nazirliyin anonim bəyanatının ardınca musavat.com-a haker hücumu qarşılıqlı ittihamları son həddə qaldırdı

“Bizim guya işimiz-gücümüz qurtarıb ki, durub sayt dağıdırıq. Biz qanunun aliliyinə üstünlük verərək tamam başqa müstəvidə çıxış etməyi lazım bilirik”.


Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun musavat.com saytının haker hücumlarına məruz qalması ilə bağlı Müdafiə Nazirliyindən şübhələnməsi barədə açıqlamasına münasibət bildirən E. Sabiroğlu bunları deyib: “Əvvəla qeyd edim ki, dünən onunla uzun çəkən söhbətimiz olub və özünün də qeyd etdiyi kimi, söhbət çox gərgin keçib. Hiss edirəm ki, o, hər şeydən şübhələnir və bu da ona ciddi narahatlıqlar gətirir. Hər şeydən şübhələndiyinə görə də, o, həqiqəti çox zaman dəqiq müəyyən edə bilmir və beləliklə də, seçmiş olduğu hədəfi yerli-yersiz öz qəzetində atəşə tutur. İndi də həmin mənasız şübhələrin nəticəsidir ki, saytının dayanmasının günahını Müdafiə Nazirliyində görür. Gülməli vəziyyətdir. Guya işimiz-gücümüz qurtarıb ki, durub saytı dağıdırıq. Biz qanunun aliliyinə üstünlük verərək tamam başqa müstəvidə çıxış etməyi lazım bilirik. Bu da ünvanımıza atılan böhtanların məhkəmə vasitəsilə sübuta yetirilməsini onlardan istəməkdir. Artıq bu günlərdə məhkəmələrdə görüşərək «Yeni Müsavat» qəzetindən dəlil və sübutların ortaya qoyulmasını tələb edəcəyik. Özü də ayrı-ayrı məhkəmələrdə tək-tək məsələlərin çözülməsini istəyəcəyik. Sayt məsələsində də yenə şübhələrdən doğan narahatlıqlar Rauf Arifoğlunu yanlış tərəfə çəkib. Bildirir ki, guya biz ciddi təşviş içərisindəyik. Ona görə də bu cür işlərə əl atırıq. Rauf Arifoğludan xahiş edərdim ki, əlini ürəyinin üstünə qoysun və ürəyini buz kimi saxlasın ki, biz qətiyyən təşviş içində deyilik və «Yeni Müsavat» Müdafiə Nazirliyini təşvişə salacaq gücdə deyil. Əgər onun bütün proqnozları bu cürdürsə mənim artıq başqa sözüm yoxdur. Ona qalsa, mən də şübhələnə bilərəm ki, elə həmin saytı müvəqqəti olaraq özləri dağıdıblar ki, düşdükləri vəziyyəti başqa məcraya yönəltsinlər…”

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya açıqlamasında bir daha vurğulayıb ki, onlar qəzetin internet səhifəsinin Müdafiə Nazirliyi tərəfindən dağıdılmasından şübhələnirlər: “Biz saytın hücumların təşkilində onlardan şübhələnirik. Ona görə ki, son vaxtlar bizim saytda və qəzetdə daha çox Müdafiə Nazirliyi ilə bağlı tənqidi yazılar dərc olunub. Həmin yazılarla bağlı Müdafiə Nazirliyindən bizə aqressiv reaksiyalar gəlirdi. Müxbirlərimizin izlənməsi faktları var idi. Şəxsən öz üzərimdə nəzarət hiss edirdim. Dünəndən bəri sayta müxtəlif hücumlar başlayıb. Yeganə istiqamət kimi Müdafiə Nazirliyini görürəm və haqlı da olaraq saytın dağıdılmasında Müdafiə Nazirliyindən şübhələnirəm. Əgər bu şübhələrimlə bağlı Müdafiə Nazirliyi məni məhkəməyə verirsə, sonra dünya ictimaiyyətinə də cavab verər”.

16 Sentyabr, 2011  19:48 Baxılıb: 1051

Bu bölmədə