Simsar.az | bizi özünüzə Simsar bilin
5 cəsəd tapılmır

"Müasir avadanlıqlar küllərin kimə məxsus olmasını öyrənməyə imkan vermir" 

Simsar.az-ın verdiyi məlumata görə, bunu təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, AZAL-ın vitse-prezidenti İlham Əmirov söyləyib. O bildirib ki, 4 nəfərin cəsədinin qalıqları tapılıb. Aparılan ekspertiza ilə müəyyən edilib ki, cəsədi tapılanlar Azərbaycan vətəndaşları - bort operatoru Tapdıq Qəhrəmanov (1964), aviatexnik Mehman Hüseynov (1962), ikinci pilot Oleq Marşixin (1979), biri isə Özbəkistan vətəndaşı - - bort mühəndisi Vladimir Şatobindir (1969).


İlham Əmirov deyib ki, 5 nəfərə aid isə heç bir cəsəd qalığı tapılmayıb, onlar itkin düşmüş sayılır. 6 ay ərzində bir məlumat olmasa, məhkəmə qərarı ilə onlar vəfat etmiş sayılır: “Təyyarə gecə saat 1-dən səhərə qədər yanıb. Elə temperatur olub ki, o cəsəd qalıqları külə çevrilib, DNT strukturları məhv olub. Müasir avadanlıqlar küllərin kimə aid olduğunu müəyyənləşdirməyə əsas vermir”.


Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

16 Sentyabr, 2011  18:40 Baxılıb: 1006

Bu bölmədə